Yay aylarında, əsas da gənclər və qan təzyiqini aşağı salan dərman preparatlar qəbul edən insanlar arasında qan təzyiqinin aşağı olması, yəni hipotenziya simptomlarına tez-tez rast gəlinir.
Maraqlıdır, görəsən, hipotenziya hansı təhlükələrə səbəb ola bilər?
Sozcu.az-ın məlumatına görə, məsələ ilə bağlı Kardioloq Gülanə Ağayeva Lent.az-a açıqlamasında bildirib ki, bir insan üçün aşağı qan təzyiqi hesab edilən səviyyə başqası üçün normal hesab oluna bilər:
Onun sözlərinə görə, bəzən isə hipotenziya həyat üçün təhlükə yarada bilər:
"Hipotenziyanın müxtəlif növləri var".
1. Daimi hipotenziya - sakitlik halında qan təzyiqi 90/60 mm c.st-dan aşağıdır.
2. Ortostatik hipotenziya (postural hipotenziya) - Bu, vəziyyəti dəyişdikdə, yəni oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə və ya uzandıqdan sonra qan təzyiqinin qəfil azalması və 3 dəqiqədən artıq bu səviyyədə qalmasıdır. Səbəblər arasında susuzluq, uzun müddət uzanıqlı vəziyyət, hamiləlik və s. və eyni zamanda bəzi dərmanların istifadəsi yer alır. Məhz bu növünə yaşlı insanlar arasında daha çox rast gəlinir.
3. Postprandial hipotenziya - yeməkdən 1-2 saat sonra baş verir. Yaşlılar, xüsusən də yüksək qan təzyiqi olanlar və Parkinson kimi avtonom sinir sistemi xəstəliyi olanlar bu qrupa daxildir. Az miqdarda qidalanmaq, tərkibində karbohidrat miqdarı az olan qidalar qəbul etmək, daha çox su içmək və alkoqollu içkilərdən qaçınmaq simptomları azaltmağa kömək edə bilər.
4. Sinir sistemi ilə əlaqəli hipotenziya - Bu daha çox uzun müddət ayaqüstə qaldıqdan sonra baş verir. Bu tipə daha çox uşaqlar və gənclər arasında rast gəlinir.
5. Nəhayət, yay aylarında xüsusən tər ilə orqanizm maye itirdiyindən baş verən təzyiq enmələri.
Aşağı qan təzyiqi orqanizmə necə təsir edir?
Adətən, orqanizmimiz avtomatik olaraq qan təzyiqini idarə edə bilir və onun çox enməsinin qarşısını alır. Qan təzyiqi enməyə başlayanda orqanizm ürək döyüntüsünü sürətləndirərək, ya da damarları daraldaraq buna cavab verməyə çalışır. Orqanizmimiz qan təzyiqinin azalmasını kompensasiya edə bilmədiyi zaman hipotenziyanın simptomları baş verir.
Aşağı qan təzyiqinin simptomları hansılardır?
- Başgicəllənmə hissi
- Bayılma və ya huşitirmə
- Ürəkbulanma,qusma
- Bulanıq görmə və ya ümumilikdə görmə pozğunluğu
- Sürətli, səthi tənəffüs;
- Yorğunluq, zəiflik
- Yuxuya meyillilik
- Konsentrasiya problemi
Həkimə nə vaxt müraciət etmək lazımdır?
Hipotenziyanız olduğunu bilirsinizsə, həyatınıza təsir edən simptomları görməyə başlasanız, həkiminizə müraciət etməlisiniz. Əgər, hipotenziyanız olduğunu bilmirsinizsə, təkrari başgicəllənmə və ya huşunu itirmə epizodlarınız varsa, həkimə müraciət etməlisiniz.