Sözügedən görüntülər cəmiyyətdə hər kəsi qıcıqlandırıb və həddindən artıq aqressiya yaradıb.
Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülər Məmmədova Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı 7 yaşlı tələbəsi Fərid Bakarova qarşı təhlükəli fənd işlətməsi, daha sonra isə halsız vəziyyətdə olan uşağa zor tətbiq etməklə onun ölümünə səbəb olması barədə görüntüləri şərh edərkən deyib.
G.Məmmədovun sözlərinə görə, o insanın qeyri-adekvat hərəkətləri, özünü idarə edə bilməməsi, uşağın fiziki narahatlığını sezməməsi və ümumiyyətlə bir-biri ilə heç bir əlaqəsi olmayan hərəkətlər sərgiləməsi bu şəxsin psixologiyasında hər hansı problemin olduğunu göstərir:
“Ən böyük problem isə həmin uşağa təzyiq olunan zaman digər uşaqların soyuqqanlılıqla seyrçi qalmasıdır. Onlar müəllimə heç bir etiraz etmir. Burada digər uşaqların travması da göz önündədir. Gələcəkdə onlar da bu hərəkətləri sərgiləyəcək məşqçi ola bilərlər.
Baş verən anlar çəkilib deyə, hazırda görürük. Uşaq ölməyə, bu davranışlardan sonra sağ qala və hadisə böyüməyə də bilərdi. Ona görə nə qədər bağlı məkanlarda belə hadisələrin olduğundan xəbərsizik. Məşqçilərin intizamlı, tələbkar olmağı bizə bəllidir. Amma belə vəhşilik etməyin adı sadəcə psixi pozuntudur. Həmçinin, bunları görən uşaqların da rahat şəkildə heç bir müdaxilə etməməsi çox acınacaqlıdır. Biz uşaqlarımızı mübarizliyə öyrətməliyik”.
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Xəlilov həbs edilib.