“Haqlarının qorunmasından danışan Qarabağdakı ermənilər öncə Ermənistan pasportundan imtina etməlidirlər...”
“Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və bunu etməyə bir dövlət olaraq borcludur...”
“Xankəndində ermənilərin mitinq, aksiya şouları 1988-in “Miatsum” hərəkatını xatırladır. O zaman ermənilər "Partiya, Lenin, Qorbaçov" şüarı ilə çıxmışdılar. Moskvadan dəstək ala bilmişdilər. İndi nə Qorbaçov var, nə də onun xanımı Raisa... Odur ki, şuarlar fərqlidir”.
Bu fikri Moderator.az-a açıqlamasında Qarabağ ətrafında baş verən son olaylara münasibət bildirən ermənişünas alim, politoloq Qafar Çaxmaqlı söyləyib.
“Əslində ermənilər şouları qapalı olmayan Laçın “dəhliz”inin açılması provakasiyası ilə təşkil edirlər. Beynəlxalq birliyi aldatmağa yönəlik hərəkətlərlə diqqəti cəlb etməyə çalışırlar. Separatçı qurum da bunlara imkan verir və Azərbaycanın bu iqtisadi rayonda planlarını pozmaq üçün mövcud bütün imkanlardan istifadə edir. "Qarabağ erməniləri heç zaman Azərbaycana tabe olmayacaqlar " tezisi Qarabağa göndərilmiş Rusiya və Ermənistan emissarlarının da təlqin etdiyi fikirlərdir”,- deyə davamında həmsöhbətimiz bildirib.
“Xankəndindəki bəzi siyasi qüvvələrin aralarında fərqli düşüncələr olsa da, gizli mövqe savaşı getsə də, 1988 təfəkkürü dəyişməyib. Qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmaması və "artsaxın müdafiə komitəsi" adı ilə qurulan yarı-terror qurumu da Azərbaycana qarşı dirəniş üçündür. Azərbaycanın burada yaşayan ermənilərlə bağlı beynəlxalq normalara uyğun təklifləri cinayətkar separatçı qurumun ortadan qaldırılmasına səbəb olacağından Xankəndində bir təşviş yaşanır. Bu küçələrdə şou şəklində ortaya çıxır. Qarabağ ermənilərinin "haqlarının və təhlükəsizlinin" təmin edilməsi mexanizmləri ilə bağlı Ermənistan -Azərbaycan danışıqlar prosesində səsləndirilən fikirlərin də əsası olmadığı üzə çıxır. Kimin haqqından söhbət gedə bilər. Qarabağda yaşayan ermənilər Ermənistan pasportuna sahibdirlər. Öncə onlar bundan imtina etməlidirlər. Başqa ölkənin vətəndaşı bizim torpaqlarda yaşaya bilməz. Azərbaycan gözlənilən addımı atsa, bölgədə antiterror əməliyyatları və yaxud qanunsuz erməni silahlı birləşmələrinin ləğvi tədbirlərini həyata keçirməyə başlasa bir çox məsələrə aydınlıq gətiriləcək. Ermənilərin guya burada" etnik təmizləmə və soyqırımı " siyasəti aparılacağı da erməni uydurması və qabaqdangəlmişliyidir. Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və bunu etməyə bir dövlət olaraq borcludur”- deyə alim vurğulayıb.