“Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək...”
-FİKİR SAVAŞI...-
Son onilliklərin xüsusən hər bayramqabağı və ya iliin sonuna yaxın, yeni il qabağı verilən populyar suallarından biri də bunlardır: “Görəsən, yanvarda benzin, işıq, su, qaz yenə bahalaşacaq?” “Novruz, ya Qurban bayramı qabağı ət bahalaşacaq?”, yaxud “Yanvardan metro, avtobus, taksilər də bahalaşacaq?..” və s. və i.a.
Elə son 30 ilin təcrübəsindən görmüşük ki, belə suallar hər dəfə verildikcə sonda əksər hallarda müsbət cavab alınıb, yəni deyilən nəsnələrin doğrudan deyilən vaxtlarda da qiymətləri artıb. Sanki ölkədəki hansısa monopolist, inhisarçı, korrupsioner qruplar belə sualları media, sosial şəbəkələr vasitəsilə ortalığa atmaqla cəmiyyətin, xalqın, yoxsul təbəqələrin reaksiyasını yoxlayırlar. Və görəndə ki, düşüncələrdə qiymət artımına real etiraz görünmür, çəkinmədən qiymətləri qaldırır, yaxud hökumətdən asılı olan qiymətlərin artımı üçün Tarif Şurasına-filana rəsmi və ya qeyri-rəsmi təzyiqlər edir, hətta göstərişlər verirlər...
Odur ki, hər birimiz, məsələn, benzinin, qazın, işığın, yaxud metronun, avtobusun, taksilərin bahalaşağı haqda söz-söhbətlərə, xəbər sızmalarına rast gələndə ““Filan şey də bahalaşacaqmı?” yox, “Bu neft-qaz ölkəsində, altı qızıl- üstü qızıl məmləkətdə filan şey, məsələn, benzin, qaz, işıq, yaxud metro, avtobus, taksilər, axı niyə bahalaşmalıdır, hansı səbəbdə?” suallarını verməliyik. Və həmin sualları nəinki media, telekanallar, sosial şəbəkələr vasitəsilə əlaqədar hökumət qurumlarına, nazirliklərə, eləcə də həmin Tarif Şurasına, həmçinin deputatlara adi poçt, elektron poçt və s. vasitəsilə ünvanlamalıyıq. Ciddi və davamlı şəkildə... Yalnız o halda əgər doğrudan da ölkədə hər hansı bir sahədə qiymət artımına qlobal iqtisadi səbəblər yoxdursa, onu əsaslandırmaq mümkün deyilsə, həmin monopolist, inhisarçı, korrupsioner şəbəkələr kütləvi etirazlardan çəkinərək süni qiymət artımlarına, bahalaşmaya yol verməyəcək...
*** ***
Özü də adi həyati məsələlərlə bağlı sual verməkdən niyə və kimdən qorxmalıyıq ki?..
Məgər bu, bizim Konstitusiyamızla, qanunlarımızla təsbit olunan vətəndaş hüquqlarımız deyil?...
P.S. Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək... Artıq bu halda belə sual vermək olar: “Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..”
Sultan Laçın
Moderator.az