Son vaxtlar insanlar arasında elektron siqaretlərdən istifadə xeyli populiyarlaşıb. Bir çoxları elektron siqaretlərin adi siqareti əvəz etdiyini və zərərsiz olduğunu düşünür. Elektron siqaretlərin artımını statistik göstəricilər də əsaslandırır.
Təkcə 2023-cü ildə ölkəyə 1.16 mln. ədəd bir dəfə istifadə edilən elektron siqaret və 1.55 mln. ədəd elektron siqaret mayeləri idxal edilib. Bu isə öncə ildən 61 faiz daha çoxdur. Bəs görəsən elektron siqaretlər insanların düşündüyü kimi həqiqətən zərərsizdirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev elektron siqaretlərin insan orqanizmində olduqca ciddi fəsadlar törətdiyini qeyd edib:
“Siqaret özü günümüzdə yetərincə ciddi bir bəla olaraq qalır. Digər tərəfdən elektron siqaretlər də insan səhhətində ciddi fəsadlar törədir. Bildiyimiz adi siqaretlərin tərkibində tüstü var və bu tüstünün tərkibində qətran və nikotin mövcuddur. Nikotin asılılıq yaradır, tüstü isə özlüyündə insan bədəninə ziyan vurur. Elektron siqaretlərin də tərkibində nikotin və tüstü olur. Yəni məntiq olaraq eyni şeydir. Ağciyərlər sadəcə təmiz hava qəbul etmək üçün yaradılıb. Tüstü və digər maddələr ağciyərlərin funksiyasına zərərlidir. Elektron siqaretlər yeni-yeni yarandığından zərərlərin tam forması hələki naməlumdur. Bunu tam müəyyən etmək üçün bir müddət müşahidə aparmaq lazəmdır. Ancaq son araşdırmalarda elektron siqaretlərin meydana gətirdiyi xüsusi xəstəlik qrupu aşkarlanıb. Bu onu göstərir ki, elektron siqaretlər adi siqaretlərdən heç də təhlükəsiz deyil. Hətta bəlkə də daha təhlükəlidir. Məsələn, asma və buna bənzər xəstəlikdən əziyyət çəkən insanların elektron siqaretlərdən istifadəsi qətiyyən yolverilməzdir. Elektron siqaretlərin ağciyər və tənəffüs sistemində müxtəlif xəstəlikləri olanlara ciddi dərəcədə yan təsirləri var. Elektron siqaretin zərərsiz olduğunu bildirənlər sadəcə marketinq məsqədləri güdür və bütün deyilənlər yalandır".
Həkim elektron siqaretin ağciyərlərdə su yığılmasına səbəb olması ilə bağlı iddialara da aydınlıq gətirib:
“Siqaret və elektron siqaretlər ağ ciyərlərdə birbaşa su əmələ gətirmir. Ümumiyyətlə, götürdükdə ağ ciyərlərdə su yığılmasının səbəbləri olduqca çoxdur. Bunların başında ağciyər xərçəngi durur. Digər tərəfdən, ürəyin normal işləməməsi də ağ ciyərlərə su yığılmasına gətirib çıxarır. Ürəyin normal işləməməsinin əsas səbəblərindən biri də məhz siqaretlə bağlıdır. Bu səbəbdən siqaret, o cümlədən elektron siqaretlər bu xəstəliyin yaranmasında da yan təsir göstərir”.