“G7” sammitində Zelenski ilə bağlı qapılar arxasında nələr danışıldığını bilmirik...”

“Amma  deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiya səfəri kifayət qədər uğurlu olub...”

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski  ötən şənbə günü Xirosimada keçirilən Yeddilik Qrupunun (“G7”) sammitində şəxsən iştirak etmək üçün Yaponiyada səfərdə olub. O, Ukraynadakı vəziyyətlə bağlı sessiyada iştirak və çıxış edib. Eyni zamanda “G7” ölkələrinin başçılarıyla görüşlər keçirib.

Bəs görəsən, Ukrayna lideri  “G7”  sammitindən hansı real uğurlarla dönüb?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu hafta.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib.

“ “G-7” ölkələrinin sammitindən Zelenskinin qazandığı ən ciddi uğur ondan ibarət oldu ki, birmənalı şəkildə Ukraynaya dəstək ifadə olundu. Və yalnız sözdə deyil, biz bilirik ki, Ukrayna ordusuna artıq hücum silahları da verilməkdədir: “F-16” qırıcıları, yeni raket növləri. Həmçinin əlavə maliyyə və silah-sursat yardımı da edilir. Və ən başlıcası, dediyim kimi, sammit iştirakçıları tərəfindən bildirildi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər də dəstək veriləcək.

Əlbəttə, bağlı qapılar arxasında nələr olub, nələr danışılıb – biz bunu bilmirik. Amma elə bu deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiya səfəri kifayət qədər uğurlu olub. Və Ukraynaya da həm hərbi, həm iqtisadi, maliyyə dəstəyi davam edəcəkdir. Həm də, təbii ki, siyasi dəstək... Bu, açıq-aydın görünməkdədir. Və hesab edirəm ki, bütün bunlar kifayət qədər ciddi uğurdur. Çünki Rusiyanın təcavüzünün ilk dövrlərində  “G-7” ölkələri arasında bəzən Ukrayna ilə bağlı fərqli mövqelər sərgiləyənlər olurdu. Amma bu gün artıq hər hansı fərqlilik görünmür. Bu gün görünür ki, həmin ölkələrin hamısı eyni platformadan, eyni mövqedən çıxış edirlər. Və  Ukrayna üçün ən böyük uğur da elə budur...”

Share on Facebook