“Ətin bahalaşmasında Kənd Təsərrüfatı Nazirliyi günahkardır” - Eyyub Hüseynov

Yaxın aylarda ölkədə ətin qiymətinin qalxması gözlənilir. Bəzi iqtisadçı ekspertlər bildirir ki, yanvara qədər ətin kiloqramı 20 manat olacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ətin bahalaşacağı ilə bağlı deyilənlər həqiqətdir. 

demokrat.az-a açıqlama verən ekspert deyib ki, hazırda kiçik quzu ətinin bir kiloqramının qiyməti 20 manatdır. 

“Qiymətlər adətən bayram ərəfəsində qalxır. Ətin qiymətinin də qalxacağı gözlənilir. Bir sıra Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ətin qiyməti yuxarıdır”. 

E.Hüseynov ətin qiymətindəki bahalaşmanın səbəblərinə də toxunub:

“Maldarlıq zəifləyib. Əhali heyvan saxlamaqdan uzaqlaşır. İcra hakimiyyətləri otlaqları pambıq sahələrinə çevirib. Otlaq sahələri ayrı-ayrı böyük təsərrüfat sahiblərinin əlində cəmləşib. Onlar da asanlıqla kartel sövdələşmələrinə gəlir, qiymətləri diqtə edirlər”.

Sədr bildirib ki, alverçilər satıcıların işini çətinləşdirir:

“Heyvanlar bazara çıxarılan kimi alıcı və satıcıdan başqa üçüncü bir subyekt ortaya çıxır – alverçilər. Demək olar ki, bütün rayonlarda onların əlindən kəndli öz məhsulunu sata bilmir. Araya girən alverçilər qiymətlərin qalxmasına səbəb olur”.

Əhalinin ətə tələbatının daim mövcud olduğunu qeyd edən ekspert məlumat verib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan çox ət yeyilən ölkələr arasında deyil: 

“Buna baxmayaraq, ət və ət məhsulları rasionumuzun əsas hissəsini təşkil edir. Yüksək tələbat da qiymətlərin qalxmasına şərait yaradır. Payıza doğru gündəlik istifadə olunan ərzaq məhsulları azaldıqca, ətə tələbat artır. 

Heyvandarlığı zəiflədən digər bir amil də yemin qiymətidir. Heyvan yemlərinin qiyməti qat-qat artıb. İki il öncə ilə müqayisədə iki dəfə artım var”.

E.Hüseynov əlavə edib ki, bu işdə birbaşa Kənd Təsərrüfatı Nazirliyi günahkardır. 

“Perudakı mütəxəssislərlə əlaqəm var. Onlar Azərbaycanda heyvandarlığın inkişafını daim izləyirlər. Aralarında vaxtilə burada ət biznesi ilə məşğul olan da var. Qeyd edirlər ki, hökumət qəbul etdiyi proqramlar üzrə hədəflərə çata bilmir.  Ölkədəki kiçik fermalar tələbatı ödəyə bilmir. Hətta təklif edirlər ki, Perudan buraya ət idxal etmək olar. Yəni uzaq ölkələrdən də Azərbaycanın kənd təsərrüfatı siyasətini izləyirlər, pis vəziyyətdə olduğu qənaətinə gəlirlər”. 

Share on Facebook