“...Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və bu səbəbdən özünə yeni havadar axtarır...”
“Son illərdə Rusiyanın başçılıq etdiyi KTMT kimi hərbi təşkilatdan Ermənistanın çıxma kimi bəyanatları ciddiyə alınmamışdı, hətta Paşinyan “biz deyil, KTMT bizdən çıxır” kimi bəyanlarda bulunmuşdu. Ermənistandakı bəzi siyasi qüvvələr ölkənin Rusiyadan imtina edib NATO blokuna meyillənməsini ölkənin əsas prioriteti hesab etmiş və hakimiyyəti Amerikaya daha çox yaxınlaşdırmaq üçün çalışmışdılar. Amerikanın Rusiya ilə bağlı apardığı siyasətindən ermənilər ustalıqla yararlanmış, ABŞ- NATO genişləndirilməsi proqramına bu şəkildə dəstək vermək istəmişlər.”
Bu fikri Moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı ifadə edib.
“Ermənistanda son illərdə Rusiya əleyhinə aparılan siyasətin nəticəsi kimi Ermənistan -ABŞ ortaq hərbi təlimini göstərmək olar. Bu, onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxmur, çünki hesab edir ki, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və bu səbəbdən özünə yeni havadar axtarır. Rusiyanı çevrələyib ona qarşı bütün gücü ilə cəbhə açan ABŞ üçün Ermənistanın belə ucuz xidməti göydəndüşmədir və əslində NATO üçün yeni bir meydanın açılması deməkdir”,- deyə həmsöhbətimiz davamında bildirib.
“Amerika -Ermənistan əsgəri işbirliyi həm də bölgəmizdə gərginliyə səbəb olacaq. Ermənistanla Azərbaycan və Türkiyə arasında gedən danışıqlara da mənfi təsir edəcəkdir. Ən çox gərginlik isə Rusiya ilə Ermənistan arasında yaşanacaqdır. Rusiya ermənilərdən belə bir xəyanəti gözləyirdimi? Rusiyadan eşidilən reaksiyalardan bəlli olur ki, Kreml bu erməni oyununu öncə incələyəcək və şübhəsiz ki , bunun cəzası olacaqdır. Üstəlik, Ermənistanın Roma Statutu ilə bağlı sənədi ratifikasiya etmək üçün parlamentə göndərməsi bu ölkənin nə dərəcədə kəmfürsət olduğunun göstəricisidir. Putin kinli adamdır və gec tez bu risqə də reaksiya olacaqdır...
Bir sözlə, yaşanan siyasi gəlişmələr onu göstərir ki, bölgəmizdə maraqlı proseslər başlaya bilər və bu arada ədalətsizcəsinə qurulmuş erməni dövlətinin sonu yaxınlaşmaqdadır... Qəribədir, bu duruma İran necə baxır. Bəzi politoloqlar belə bir fikri səsləndirirlər ki, guya İran Ermənistan üzərindən ABŞ-la əlaqə qurmaqdadır”,- deyə ermənişünas alim sonda sual edib.