“Diqqətli olun. Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”.
Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib:
"Telegram" platformasında vətəndaşlara iş təklif olunur. Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən.
Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın.
Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10.000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib.
Bu dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər.
Yenə "Telegram" yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”.