“Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilən istehlak səbətinin strukturuna baxanda və müqayisəli təhlil aparanda görərik ki, səbətə daxil olan bəzi məhsullar üzrə MDB ölkələrindən öndəyik, bəzi məhsullar üzrə geridə. Məsələn, Rusiyada daha çox kartof, dənli məhsullara üstünlük verilir. Bizdə isə çörəyə üstünlük verilir. Ümumi götürəndə, hazırda Azərbaycanda minimum istehlak səbəti MDB ölkələri ilə bərabər və ya yüksək səviyyədədir. Bəzi Qərbi Avropa ölkələrinə - Bolqarıstan, Yunanıstan, Litvaya baxanda bizdə, hətta müəyyən normativlərdə fərqlər var. Sözsüz ki, Azərbaycanda təsdiq olunan minimum istehlak səbəti günün tələblərinə cavab vermir. Son illər böyük inflyasiya olub, qiymətlər dəyişib. Ərzaqların qiymətlərində də dəyişiklik var. Bu da normativin aşağı düşməsinə səbəb olur”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Ekspert bildirib ki, istehlak səbətinə görə, günə 90 qram ət nəzərdə tutulub: “Lakin ətin qiyməti əvvəllər 12 manat idisə, indi 17 manatdır. Bu da normativi aşağı salır. Hesab edirəm, minimum istehlak səbətinin dəyərinə və ona daxil olan ərzaqlara yenidən baxılmalıdır. Düşünürəm, bu sahədə Səhiyyə Nazirliyinin mütəxəssislərinin də fikirləri mütləq nəzərə alınmalıdır. Çünki bu, iqtisadi məsələdən daha çox sağlamlıq məsələsidir. Həkimlər təsdiq etməlidirlər ki, səbətdə nəzərdə tutulan ərzaq normaları ilə insan yaşaya, acından ölməyə bilər, ya yox? Bəzi ölkələrdə, hətta minimum istehlak səbətinə məcburi daxil edilən vacib məişət texnikaları da var, insanların mədəni istirahəti də. Bizdə isə bunlar daxil edilməyib. Məsələn, həmin ölkələrdə ütü, paltaryuyan maşın, televizor, ayda bir dəfə teatra, kinoteatra getmək səbətdə nəzərdə tutulub. Bütün bunlar, əlbəttə ki, minimum istehlak səbətinin ümumi dəyərinə təsir göstərir. Bir sözlə, Azərbaycanın minimum istehlak səbəti qiymətlər baxımından günün tələblərinə cavab vermir, hətta səbətdə göstərilən ərzaqların indiki alış qiyməti ümumi minimum istehlak və minimum yaşayış həddindən daha baha başa gəlir”.