"Əgər biz indi düşməni öldürməsək, özümüz məhv ediləcəyik..." - General Zalujnı

"Rusiyanın strateji məqsədi Ukrayna dövlətçiliyini məhv etməkdir..."

"Ukraynalılar son damla qanlarınadək döyüşməlidir, çünki başqa çıxış yolları yoxdur..."

Rusiya tammiqyaslı hərbi müdaxiləyə kompleks şəkildə hazırlaşıb

Rusiyalılar əhəmiyyətli dərəcədə itkilərə rəğmən, ukraynalıları şüurlu istəklə öldürmək üçün cəbhəyə yollanır.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı "vikna.tv" nəşrinin müxbiri, ukraynalı aparıcı və jurnalisti Dmitri Komarova geniş müsahibəsində bəyan edib.

O, növbəti dəfə qeyd edib ki, ukraynalılar "son damla qanınadək" döyüşməlidir, çünki bu gün düşməni məhv etməsələr, özləri məhv ediləcək.

Zalujnı vurğulayıb ki, onun üçün və peşəkar ukraynalı hərbçilər üçün Rusiya ilə müharibə hələ 2014-cü ildə başlayıb, 2022-ci ilin fevralında isə, sadəcə, öz miqyasını dəyişib.

Onun sözlərinə görə, fevral ayından işin həcmi, məsuliyyət və gərginlik dərəcəsi xeyli artıb.

"Biz bunu 8 ildir etmişik, biz mənəvi cəhətdən buna hazır olmuşuq ki, düşməni öldürək və onun sakitləşməsini və bizi rahat buraxacağını gözləməyək. Bu 8 il bizi bərkidib və bizə döyüşməyi öyrədib, bu isə rusiyalılar üçün gözlənilməz olub", - general deyib.

O, vurğulayıb ki, ukraynalı hərbçilər 8 il ərzində həm mənəvi, həm fiziki cəhətdən hazırlaşıb və "çoxsaylı insanlarını" itirib.

Baş komandanın fikrincə, Rusiya tammiqyaslı hərbi müdaxiləyə kompleks şəkildə hazırlaşıb, öz silahlı qüvvələrinin bütün fəaliyyət sahələrində hazırlığı həyata keçirib. O, əmindir ki, bu əməliyyat kifayət qədər detallı planlaşdırılıb.

"Fikrimcə, Rusiyanın strateji məqsədi Ukrayna dövlətçiliyini məhv etmək olub. Görünür, onlar zənn edib ki, mütəşəkkil kolonlarla ölkəmizə daxil olacaq, insanlar onları duz-çörəklə qarşılaycaq və bununla da Ukrayna dövlətçiliyinə son qoyulacaq", - Zalujnı güman edir.

Baş komandan növbəti dəfə qeyd edib ki, ruslar müqaviməti gözləməyib.

"Ona görə də onlar Rusiyadan buraya şüurlu olaraq ukraynalıları öldürmək üçün gəlir. Və bu müharibənin mahiyyəti ondan ibarətdir ki, əgər biz indi bu düşməni öldürməsək, özümüz məhv ediləcəyik.

Çünki onlar şüurlu olaraq buraya gəlib və indi, o cümlədən Donetsk əməliyyat istiqamətində, Baxmut rayonunda çox böyük itkilər verir, amma yenə də ukraynalıları öldürməkdə davam edir", - o, vurğulayıb.

Zalujnı həmçinin özünün sözlərini təkrarlayaraq deyib ki, Ukrayna "son damla qanadək" döyüşəcək, çünki ukraynalıların başqa çıxış yolu yoxdur.

Share on Facebook