Taksilərlə bağlı qəbul edilən qərar müzakirələr yaratmaqla yanaşı, narazılığa da səbəb olub. Qərara görə, 1 iyul 2024-cü il tarixindən taksi xidməti göstərən avtomobillər ağ və qırmızı rənglərdə olmalıdır. Maşınların buraxılış ili 2009-cu ildən başlamalıdır. Bu standartlar pozulduqda taksi fəaliyyətinə icazə verilməyəcək.
Sahibkarlar, sürücülər bu qərardan narazı qalıb. Tanınmış şəxslər arasında da hökuməti bu mövzuda tənqid edənlər var. Tənqidçilər sırasına bəzi deputatlar da qoşulub.
Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi xidmətində keyfiyyətin artırılması üçün müəyyən addımlar atılıb.
Onun sözlərinə görə, onlardan biri sürücülərə dair tələbdirsə, ən önəmlisi nəqliyyat vasitələrinə dair qaydalardır:
“Yəni nəqliyyat vasitələrinin texniki, daxili vəziyyəti, rəng görünüşü, əyləc sistemindən tutmuş istehsal ilinə qədər müəyyən tələblər ortaya qoyulub. Bu, Azərbaycanda qəbul edilmiş ilk belə qanundur. Ötən il “Avtomobil nəqliyyatı haqqında” Qanunda bütün bunların öz əksini tapdığını deyə bilərəm. İndi deputatlar buna etiraz edir, lap yaxşı. Həmin deputatlar axı ötən il özləri buna səs verib, qəbul ediblər. İndi nəyə etiraz edirlər?! Belə çıxır ki, bəzi deputatlar səs verdikləri qanuna etiraz edirlər? Elə deputat var ki, tez-tez pafoslu çıxışlar edir. Niyə parlamentdə müzakirə olunan zaman bu qanunun əleyhinə çıxış etmir, təklif vermir, sərt mövqe bildirmirdilər? İş-işdən keçib, qanun qüvvəyə minib, Nazirlər Kabineti qanundan irəli gələn qərarların icrasına başlayıb, bəzi deputatların indi yadına düşüb ki, taksi sürücüləri işsiz qalacaq. Bilirsiniz, burada məsələ iş, sosial həyat və s. deyil. Bəzi insanlar və qüvvələr bu məsələni məqsədli şəkildə şişirdirlər”.
Ekspertin fikrincə, dünyanın heç bir yerində belə biabırçı xidmət yoxdur:
“Azərbaycanda bunu bəzi işbazlar, transmilli şirkətlər yaratdı. Çünki onlara bu xaotik vəziyyət sərf edirdi. Belə olan halda dövlət buna müdaxilə etməli oldu. Son illər taksi xidməti üçün ölkəyə minlərlə “Prius” maşınları gətirilib. Bunu sürən şəxslərin əksəriyyəti standarta cavab vermir. Bəs hökumət buna laqeyd qalsın? Tədbir görməsin?!”.
E.Muradlı Bakı şəhərində 70 minə yaxın taksinin olduğunu, amma islahatlardan sonra bu sayın maksimum 10 min azalacağını deyib.
O bildirib ki, populist çıxış etməkdənsə, sürücülərin hazırkı vəziyyətinə dəstək olmaq lazımdır:
“Taksi sürücüləri müştəri gözləyəndə 2-3 dəqiqə yolda dayanırlar. Bu zaman 20 manat cərimə gəlir. Sistem görürsə ki, bu, taksidir, buna güzəşt etmək lazımdır. Onlar orada keflərindən dayanmır. Vətəndaş avtobus dayanacağında taksi sifariş verir. Nəticədə də duracağa yaxınlaşan taksiyə 40 manat cərimə yazılır. Bunların həlli yolunu tapmaq lazımdır. Yoxsa, deputatlar orada özləri qanuna səs verib, qəbul edirlər, üstündən bir ay keçməmiş deyirlər, “yox, burada məsələ düz deyil”. Düz deyil, bəs vaxtında bax gör, nəyə səs verirsən də”.