Çin ilk addımı atdı və rəsmi xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi elan etdi.
Çinin dövlət təsisatı, Standart Xəritələrin Kartoqrafik Xidməti 2023-cü il üçün coğrafi xəritələr toplusunu təqdim edib. Bu xəritələrdə ilk dəfə olaraq Rusiya aid ərazi Çinin bir hissəsi kimi göstərilib. Söhbət Amur çayı üzərindəki Böyük Ussuri adasından gedir. Rusiya və Çin arasında 2008-ci ildə imzalanmış sazişə görə bu ada iki ölkə arasında bölünmüşdü. İndi isə ada bütövlükdə Çin torpağı elan edilib. Sovet dövründə bütövlükdə Rusiyaya aid olan adanın yarısını Putin 2008-ci ildə Çinə güzəştə getmişdi. Adanın ərazisi Amur çayında suyun səviyyəsindən asılı olaraq 327 ilə 350 kvadrat kilometr təşkil edir. İndi isə Çin adanı bütövlükdə öz sərhədləri daxilinə qatıb. Rusiyanın rəsmi dairələri bu hadisəyə etiraz da etməyiblər.
Böyük Ussuri adasının Çinin sərhədləri içərisinə daxil edilməsi ilk addımdır və ardı gələcək. Ancaq bu hadisənin bu qədər tez baş verəcəyini etiraf edim ki, gözləmirdim. Görünür ki, Rusiyanın vəziyyəti daha pisdir. Çin dövləti də bunu bilir və özünükü hesab etdiyi torpaqları sərhədləri daxilinə qatmağa başlayıb.
Çin Rusiya torpaqlarını özününküləşdirməyə başladığı bir zamanda Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumunu həyata keçirib. Ukrayna Silaahlı Qüvvələri Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərindəki hərbi obyektlərə zərbələr endirib. Pskovdakı hava limanında İl-76 hərbi-nəqliyyat təyyarələrinin yandığını göstərən videolar yayılıb. Ukraynanın bu hücumu da son deyil, yalnız başlanğacdır. Rusiya ordusunun Ukraynadakı itgiləri də çox böyük miqyas alıb. Ukrayna ordusu bütün cəbhə boyu Rusiya ordusuna ağır zərbələr vuraraq irəliləməkdədir.
Bütün bunlar Dərbəndi tələb etmə zamanı olduğunu təsdiqləyir.
Xəqani Cəfərli, siyasi şərhçi