“TikTok”un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.
Görəsən, ağır çəkili insanların rəqs və yüksək templi məşqlər etməsinin sağlamlığa hər hansı zərəri varmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür məşqlər ürək üçün risklidir:
“Bu cür yüksək templi məşqlər infarktdan tutmuş, qəfil ölümə qədər apara bilər. Həmçinin, bu cür məşq qan təzyiqinin qalxmasına da səbəb olur. Xüsusilə, yaşlı adamlar üçün bu təhlükə daha böyükdür. Belə məşqlər ağır fiziki məşqlərdir. Bu gün qəfləti ölümlərin sayı artıb, adicə toyda içib tullanıb-düşəndə bir də görürsən şəxs ürəktutmadan vəfat edir.
Ümumiyyətlə, hər şeyin əndazəsi var. Məşqçi bununla nə etmək istəyir? Bu məşq deyil, sanki idmana gələnləri qamçılayıb döyür, belə məşqin orqanizmə nə faydası var?! Hər məşqin özünün qaydası var, orqanizm buna öyrəşməlidir. Birdən-birə belə məşqlə, tullanıb-düşməklə orqanizmə xeyirdən çox zərər dəyir”.
Kardioloq qeyd edib ki, piylənmədən əziyyət çəkənlər əvvəlcə həkimə müraciət etməlidir:
“Piylənmədən əziyyət çəkənlər məşqə yazılmamışdan öncə həkimə müraciət etməlidir. Aydınlaşdırmaq lazımdır ki, şəxsin piylənməsi genetikdirmi, yoxsa qida ilə bağlıdır?
Ola bilər ki, kökələn adamın hər hansı endokrin xəstəliyi olsun. Bunları yoxlamaq lazımdır. Xəstənin heç olmasa kardeoqrammı, exo-kardeoqrammı olmalıdır, məşqlər mütləq pəhrizlə birgə aparılmalıdır. Pəhriz olmasa, bu cür məşqi gündə 10 saat da etsən istədiyin nəticəni ala bilməyəcəksən. Yavaş-yavaş pəhrizlə istədiyin çəkiyə çatandan sonra məşqləri edə bilərsən, amma birdən-birə o cür ağır məşqlər təhlükəlidir. Bunun xoşagəlməz nəticələri ola bilər.
O cür artıq çəkili adamların bədənindəki qədər daxildə - ürəyinin ətrafında piy olur. Piy ürəyi sanki torbanın içinə alır və sıxır, ürəyi normal açılıb-yığılmağa qoymur. Buna görə də daxili piyləri yavaş-yavaş, mülayim formada əritmək lazımdır. Bunun üçün zaman lazımdır. Birdən-birə ürəyi piy basmış adamı ağır məşqlərə saldıqda qəfləti ölüm riski artır”.