Bu tarixlərdə geomaqnit qasırğası olacaq

Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. M (R1-R2) sinif alışmalar üstünlük təşkil edərək, maksimum sinifli alışma (M 6.97) 12 iyul tarixində qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 5 ləkə qrupu və 96 ləkə müşahidə olunur. Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya qeydə alınmışdır. Hesabat dövrü ərzində qismən və birbaşa Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində Tac dəliyi müşahidə olunmur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 933 pfu) olmuş, 10 MeV-dən çox enerji yüklü proton seli isə 15 iyuldan artmağa başlamış, 16 iyulda S1 səviyyəli radiasiya qasırğası qeydə alınmışdır.

Bu barədə N.TUSİ adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin maksimum sürəti 489 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 18 nT, radial istiqamətdə isə -12 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti 461.6 km/san, planetlərarası maqnit sahəsinin qiyməti 10.51 nT, radial istiqamətdə isə 0.42 nT təşkil edir.

16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir.

Proqnoz günlərində (17-23 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif isə 25% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin Tac Kütlə Atılmalarının təsiri ilə yenidən yüksələcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin 3363 oblastının təsiri ilə S1 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş vermiş, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlmişdir. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.

Share on Facebook