Bu gün 3 may - Türkçülük Günüdür.
Sozcu.az xəbər verir ki, 3 May bayramının təməlində II Dünya müharibəsi dayanır. 1940-cı illərin əvvəllərində müharibəyə qatılmaq istəməyən, bunun üçün müxtəlif bəhanələr gətirən Türkiyə hökuməti bir tərəfdən də faşist Almaniyası ilə əlaqələri pozmamağa çalışırdı.
Həmin vaxt Türkiyənin baş naziri olmuş Şükrü Saracoğlu 5 avqust 1942-ci ildə parlamentdə çıxışı zamanı türkçülük idealarına toxunaraq, sosializm iddialarını rədd etmiş, türkçülüyün bir qan məsələsi olduğu qədər bir vicdan, mədəniyyət məsələsi olduğunu vurğulamışdı.
Bu hadisədən sonra Nihal Adsız hökumətdə kommunist kadrların yerləşdirildiyi fikrindən dönmür və baş nazirə açıq məktub yazır. Bu məktublarda şairin şikayət etdiyi adlar arasında təhsil naziri Əli Yücel, Sədrəddin Cəlal Antel, Əhməd Cavad Əmrə və Səbahəddin Əlinin də adı olur.
Nihal Adsızın məktubundan sonra Səbahəddin Əli onu məhkəməyə verir. İlk məhkəmə prosesi 26 aprel 1944-cü ildə başlasa da, sonra Türkçülük Bayramı kimi qeyd olunacaq günə - 3 maya ertələnir.
İrqçilik iddiası məhkəmələrə çəkilən şairin tərəfdarları - 3 may 1944-cü ildə böyük etiraz nümayişi keçirir. Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar təşkil olunub. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Rəha Oğuz Türkqan başda olmaqla 10 məhkum Topxana hərbi həbsxanasında bu günü bayram kimi qeyd edib.
1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunur. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan sonra isə bu gün daha geniş şəkildə keçirilir.
3 May – Türkçülük Günü ölkəmizdə də keçirilir.