Bu ərazilərdə yenidən GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLƏNDİR - AÇIQLAMA

Azərbaycanın son günlər bir neçə ərazisində zəlzələ təkanları qeydə alınıb. Ardıcıl olaraq, Ağdam, Saatlı, Kürdəmir rayonlarında baş verən zəlzələlərin 5-5.2 maqnitudalı olduğu haqqında Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeydə alınan zəlzələlər digərlərinə nisbətdə daha yüksək ballı hesab olunur. Ölkənin digər ərazilərində də güclü zəlzələlər gözlənilir? Bəs ölkədə tektonik baxımdan ən təhlükəli zonalar hansı ərazilərdir?

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılova Referans.az-a bildirib ki, ardıcıl şəkildə təkanların bir neçə dəfə, saat fərqi ilə hiss olunmasının səbəbi “avtoşok”lardır.

“Zəlzələdən əvvəl “foreşok” müşahidə olunur, bunun ardınca isə “avtoşok”lar qeydə alınır. Kürdəmir zəlzələsindən sonra 5 avtoşok qeydə alınıb və onlardan ın güclü maqnitudalı zəlzələ 3 bal gücündə olub. Güclü təkanlar hər zaman Azərbaycanda gözlənilə bilər, lakin hazırda Kürdəmirdə enerjinin boşalması prosesi getməsi səbəbindən, elə də güclü təkanın olmayacağını düşünürəm. Kürdəmir ərazisində yenə də avtoşoklar ola bilər. Lakin bütün Azərbaycanda elə də güclü zəlzələ gözlənilmir. 2023-cü ildə ümumi Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 57 təkan qeydə alınıb. Bunlardan 27-si hiss olunan təkanlar olub. Hazırda isə Şamaxı, İsmayıllı, Aşağı Kür ovalığı, Xəzər akvatoriası, Talış bölgəsi aktiv zonalar sayılır. Lakin zəlzələ haqqında əvvəlcədən dəqiq proqnoz vermək deyil”.

Ekoloq, seysmoloq Ənvər Əliyev isə qeyd edib ki, Azərbaycan ərazisi zəlzələyönümlü ərazi olduğuna görə əhali artıq belə təkanlara öyrəşməli və hazırlıqlı olmalıdır, təşvişə düşməyə gərək yoxdur.

“Kür-Araz ovalığı, Dağlıq Qarabağ hissəsi digər ərazilərə nisbətən daha az zəlzələyönümlü olsa da, bura daxil olan Kürdəmir, İmişli ərazilərinda ballar daha yüksəkdir, bu ərazilərdə güclü zəlzələlər ola bilər. Azərbaycan seysmik zonada yerləşir, buna görə də hər an zəlzələlər baş verə bilər. Sadəcə zəlzələlərin baş vermə ballarına görə ərazilər üzrə tikinti işləri apararkən daha diqqətli olmaq lazımdır. İnşaat işləri həmin əraziain bal göstəricisi əsasında aparılmalıdır. Zəlzələnin zamanını və məkanının əvvəlcədən demək qeyri-mümkündür. Lakin Azərbaycan ərazisində zəlzələlərin olması labüddür, bu, planetin Azərbaycan yerləşdiyi hissəsinə xas olan bir xarakterdir”.

Ənvər Əliyev son olaraq qeyd edib ki, biz sadəcə güclü təkanlar baş verərsə, zəlzələdən minimum ziyanla çıxmaq üçün indidən əlimizdən gələni etməliyik. Bunun üçün də tikinti sektoruna xüsusi diqqət və nəzarət ayırmalıyıq.

Share on Facebook