Britaniya uyğurlara qarşı soyqrım siyasətini Beynəlxalq Ədalət Məhkəməsinə çıxara bilər

Hazırda Böyük Britaniyada ana müxalifət olan Leyboristlər Partiyası növbəti parlament seçkisində qalib gəlib hökumətə yiyələnsə, Çində müsəlman uyğurlara qarşı yürüdülən soyqırımı siyasətinin beynəlxalq məhkəmələr səviyyəsində tanınması məsələsini qaldıracaq.

Böyük Britaniyada hökuməti hər beş ildən bir keçirilən parlament seçkisində qalib gələn partiya qurur. Hazırda hökumətə 2019-cu ildə keçirilmiş parlament seçkisinin qalibi Mühafizəkarlar Partiyası başçılıq edir.

2021-ci ildə Böyük Britaniya parlamenti Çin hökumətinin uyğurlara qarşı repressiyasını soyqırımı kimi tanıyıb. Qərar leyboristlərin təşəbbüsü ilə qəbul edilib. Lakin mühafizəkarlar soyqırımı haqda qərarların beynəlxalq məhkəmələrdə verilməli olduğunu bildirir və hələ də uyğurlara qarşı cinayətlərdən danışarkən soyqırımı ifadəsini işlətməkdən çəkinirlər.

Novator.az-ın məlumatına görə, Leyboristlər Partiyasının kölgə kabinetində xarici işlər naziri olan Devid Lemmi uyğur soyqırımının beynəlxalq məhkəmələrdə tanınmasına çalışacaqlarını “Politico” qəzetinə açıqlamasında deyib. O bildirib ki, leyboristlərin Pekin rejiminə və uyğur məsələsinə münasibəti dəyişməyib.

Britaniya parlamentinin artıq uyğur soyqırımını tanıdığını xatırladan Devid Lemmi vəd edib ki, leyboristlər hakimiyyətə gəlsə, soyqırımının beynəlxalq məhkəmələrə daşınması istiqamətində geniş iş aparılacaq: “Parlament soyqırımı ilə bağlı qərarını verib. Beynəlxalq ictimaiyyət də Çində uyğurlar əleyhinə yürüdülən siyasətdən çox narahatdır. Biz Çin hökumətinin ölkədə repressiyaları davam etdirdiyinı və Sincan bölgəsində uyğurların həyatına təhlükənin daha da artdığını görürük.

Biz Çinə meydan oxumalıyıq. Pekin bir sıra mühüm sahələrdə Britaniyanın strateji rəqibidir. Biz Çini insan hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb etməliyik. Ancaq bizim Pekinlə əməkdaşlığı davam etdirməli olduğumuz sahələr də var”.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Kanada, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri və ABŞ hökuməti də Çin hökumətinin uyğurlara qarşı törətdiyi cinayətləri soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.

Mənbə: Politico.eu

Share on Facebook