Azərbaycanda son günlər sürət qatarlarının hərəkət sürəti tənqid hədəfinə çevirilib. Bu günlərdə tanınmış vəkil Elçin Sadıqov Bakı-Gəncə qatarının videosunu paylaşaraq “Bakı-Gəncə sürət qatarı çox yüksək sürətlə hərəkət edir” – deyə sarkazmla qeyd əlavə edib. Bundan əvvəl də bir neçə oxşar videolar yayılmışdı.
Bütün dünyada sürət qatarları yüksək sürətlə hərəkət etdiyi halda, bu ad Azərbaycanda özünü niyə doğrultmur?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ölkəmizdə dəmiryolu relsləri müasir infrastruktura cavab vermir:
“Sürət qatarlarının ölkəmizdə tətbiqi prinsip etibarı ilə yaxşıdır. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu nəqliyyat növündən istifadə olunur.
Amma digər tərəfdən bizdə sürət qatarlarının lazımi yol infrastruktur sistemi demək olar ki, yoxdur. Sürət qatarlarının istifadəyə verilməsindən öncə tələb olunan infrastruktur hazırlanmalı idi. Xüsusən, dəmiryolu relsləri Avropa ölkələrinin texnologiyasına əsaslanmalıydı.
Eyni zamanda tələb olunan sürəti yığa biləcək müasir qatarlar təəssüf ki, bizdə yoxdur. Dünyada artıq tam elektronlaşmış sürət qatarları var ki, onlar saatda 500-600 kilometr sürət həddinə qədər qalxa bilir.
Bu məsələlər bizdə təəssüflər olsun ki, nəzərə alınmayıb. Dəmiryolu xətləri, relslər hamısı demək olar ki, sovet dövründən qalmadır, çox köhnədir. Bu mövzuda çatışmazlıqlar olduqca çoxdur”.
Ekspert bu məsələdə dünya təcrübəsindən istifadə olunmalı olduğunu qeyd edib.
“Hazırda sürət qatarlarının digər nəqliyyat vasitələrindən fərqli tək üstünlüyü təhlükəsiz olmasıdır. Bu nəqliyyat növündə qəza riski çox aşağı olur.
Amma əgər hansısa bir avtobus, taksi sürət qatarından daha tez lazımi ünvana çatırsa, sərnişinlər vaxt amilinə görə bunlara üz tutur. Yaxın gələcəkdə sürət qatarları üçün lazımi infrastrukturun yaradılması üçün çalışmaq lazımdır.
İstər Bakı-Gəncə, istərsə də Bakı-Qax-Zaqatala istiqamətində tətbiq olunan sürət qatarları yaxşı təşəbbüsdür. Amma hər şeydən öncə biz bu infrastrukturu müasirləşdirməliyik. Çində, Yaponiyada elə sürət qatarları var ki, hətta binaların içərisindən hərəkət edir. Gəlin unutmayaq ki, dəmiryolu nəqliyyatı ən ucuz nəqliyyat növüdür”.