“Artıq Paşinyan üçün o təhlükə sovuşdu...-Olaylar kulminasiya nöqtəsinə yaxınlaşır...”

“Paşinyan ilk növbədə ad çəkərək hadisələrin arxasında duranları ittiham etdi- Robert Köçəryanı və erməni katolikosu Qaregini... Amma maraqlıdır ki, o, Serj Sərkisyanın adını çəkmədi...”

“Ən başlıcası da Paşinyan ona da nail olub ki, erməni cəmiyyəti yalnız müxalifət və hakimiyyətə münasibətdə deyil, həm də kilsəyə münasibətdə parçalanıb. Bütün səylərinə baxmayaraq, kilsə Paşinyana qarşı davamlı, kütləvi etirazlar təşkil edə bilmədi...”

“İrəvanda baş verən hadisələr qəribə bir məcraya düşüb. Bunun qəribəliyi ondan ibarətdir ki, Paşinyana müxalif olan keşiş Qalstanyana dəstək verən qüvvələr artıq müəyyən bir limiti keçə biliblər. Görünən budur ki, hadisələrin axarında zəruri qüvvə toplayıb ölkədə dəyişikliyə və təbii ki, hakimiyyət dəyişikliyinə nail ola bilməyən müxalifət çalışır bir tərəfdən zorakılığa əl atmasın, çünki bu halda hakimiyyət də zorakılıqla cavab verəcəkdir. Digər tərəfdən isə onu da anlayır ki, bu gedişatla onun ciddi bir şansı yoxdur. Çünki müəyyən bir kritik kütlə toplaya bilmirlər”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.

“Lakin başqa bir tərəfdən də görünən odur ki, artıq hakimiyyət də, yəni Paşinyan hakimiyyəti kartları açmağa başlayır. Məsələn, əvvəllər Paşinyan özü də ümumi sözlərlə kifayətlənirdi. Lakin dünənki çıxışında bir xeyli sensasyon bəyanatlar verdi və o cümlədən də ilk dəfə baş nazirin dilindən açıq şəkildə bu hadisələrin arxasında kimlərin durduğu deyildi.  Paşinyan katolikos Qaregini və Robert Köçəryanı ittiham elədi. Əslində bu, belə də var- bu, sirr deyil. Paşinyan hökumətinin bəzi rəsmiləri bu barədə artıq danışmışdılar. Amma olaylar istənilən halda zorakı müstəviyə keçməyə başlayır. Baş nazir də bu haqda xəbərdarlıq etdi. Və Paşinyanı narahat edən məqamlardan biri də odur ki, müxalifət müvafiq güc toplaya bilməsə də, gündəmi öz xeyrinə yönləndirə bilibdi. Yəni Ermənistanda hazırkı gündəm etirazlardır, həmin etirazların təşkilatçılarıdır. Və bu proses davam etdikcə həm də onların populyarlığının artmasına gətirib çıxara bilər. Ona görə də Paşinyanın müxtəlif bəyanatlarla zəngin və yetərincə ciddi məqamlarla dolu dünənki çıxışı həm də gündəmi dəyişməyə yönəlmişdi. Və yüksək ehtimalla baş nazir buna nail ola bildi”, - deyə davamında analitik bildirib. 

“Paşinyan ilk növbədə ad çəkərək hadisələrin arxasında duranları ittiham etdi- Robert Köçəryanı və erməni katolikosu Qaregini... Amma maraqlıdır ki, o, Serj Sərkisyanın adını çəkmədi. Belə görünür ki, Köçəryanla Sərkisyan arasında da etirazların təşkilinə və hətta ola bilsin, hədəflərinə dair müəyyən ziddiyyətlər var. Və Paşinyan bu şəkildə mesaj verməklə həmin ziddiyyətlərin varlığını üzə çıxarmağa çalışdı. Bu da, yəqin ki, Köçəryan və Sərkisyanın lideri olduğu siyasi blok və partiyaların üzvləri, onları dəstəkləyənlər arasında müəyyən bir etimadsızlıq yaratmağa yönəlmişdi...

Ermənistan baş nazirinin bəyanatlarının sensasyon məqamlarından biri də o idi ki, o, bəyan elədi ki, mən Qarabağı vaxtında Azərbaycanın tərkib hissəsi kimi tanımalıydım. Bu da Ermənistanda gündəm olub və yəqin ki, olacaqdır. Çünki Paşinyan 2018-ci ildən danışırdı. Yəni demək istəyirdi ki, biz bununla müharibədən, ermənilərin Qarabağdan köç etməsindən də qaça bilərdik.  Və çox güman ki, bu məsələlər bir müddət Ermənistanın siyasi gündəminin əsas mövzularından olacaqdır”, - siyasi təhlilçi diqqətə çatdırıb.

Analitik işarə edir ki, İrəvandakı son olayların gedişatına Ermənistan baş nazirinin növbəti dəfə çıxışında bir daha anti-Rusiya mövqeyi nümayiş etdirməsi fonunda İrəvanda Birləşmiş Ştatların həm hərbi, həm də siyasi dairələri ilə rəsmi görüşlər keçirilməsi də yetərincə təsir göstərir.

“Amma hesab edirəm ki, Paşinyanın mayın 12-dəki çıxışında daha sensasyon bəyanat müxalif deputatlardan birinin sualını cavablandırarkən Ermənistan-Rusiya münasibətlərinə aid verdiyi bəyanat idi. Və erməni baş nazir ölkəsinin KTMT-dən çıxa biləcəyini vurğulamağa qədər irəli getdi. Bununla Paşinyan göstərdi ki, o heç ksədən çəkinmir, qorxmur və zamanı gələndə Moskvaya qarşı deyilən addımlar da atılacaqdır. Və artıq bunun anonsunu verdi... 

Nəhayət, bilirik ki, dünənki hadisələrdən öncə ABŞ-la Ermənistan arasında həm hər iki tərəfdən hərbçilərin iştirakıyla, həm də Paşinyanın özünün ABŞ Dövlət katibinin müavini Ceyms O Brayenlə görüşündə strateji tərəfdaşlığa dair çox intensiv məsləhətləşmələr gedibdir...  

Bir sözlə, görünən odur ki, Paşinyan hökuməti artıq qəti addımlar atmağa hazırlaşır. Çünki o, etirazçıları polisə güc tətbiqində ittiham etdi. Buradan belə qənaətə gəlmək olar ki, hadisələrin növbəti mərhələsində tərəflər artıq güc tətbiqinə hazırlaşırlar. Və bunun hansı nəticələr verəcəyini söyləmək çətindir. Ona görə ki, hələlik görünən budur ki, dediyim kimi, müxalifət kritik kütlə toplaya bilmir, iqtidar isə, baş nazirin dünənki çıxışından bəlli oldu ki,  bu etirazlara son qoymağa hazırlaşır. Yəqin ki, biz yaxın günlərdə, hətta ola bilsin, bu gün, yaxud sabah İrəvanda baş verən hadisələrin öz kulminasiya nöqtəsinə çatmasının  şahidi olacağıq. Lakin hər bir halda Paşinyan  hökumətinin etirazlar, fiziki təzyiq yolu ilə istefa verəcəyi görünmür. Artıq o təhlükə sovuşdu. Ən başlıcası da Paşinyan ona da nail olub ki, erməni cəmiyyəti yalnız müxalifət və hakimiyyətə münasibətdə deyil, həm də kilsəyə münasibətdə parçalanıb. Bütün səylərinə baxmayaraq kilsə Paşinyana qarşı davamlı, kütləvi etirazlar təşkil edə bilmədi. Və Paşinyan da bu məqamı gördü, seçdi və dediyim kimi, dünənki çıxışıyla artıq konkret ittihamlara keçdi. Bütün hallarda, mənə elə gəlir ki, bu həftənin sonunda Ermənistandakı hadisələrin sonluğu bəlli olacaqdır”, -deyə ekspert yekunlaşdırıb.

Share on Facebook