Son vaxtlar ailədaxili münaqişə zəminində baş verən qətllərin sayı artıb. Bu cür qanlı insidentlərdən ən çox zərər çəkən uşaqlar olur. Valideynlərdən birinin ölümü, digərinin həbs olunması uşaqların başsız qalması ilə nəticələnir.
Bu uşaqların taleyi necə olur? Onlar sığınacağamı yerləşdirilir yoxsa qohumların himayəsinəmi verilir? Son illər sığınacağa qəbul olunan uşaqların sayı artıbmı?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, uşaqların gözü qarşısında qətl baş veribsə, onlar mütləq şəkildə sığınacağa uzun müddətə yerləşdirilməli və reabilitasiya proqramlarından keçməlidir:
“Əvvəllər qohumların himayəsinə verilirdi, indi sosial xidmətlər dərhal qeydiyyata götürür, sonra vəziyyəti qiymətləndirir, qərar verilir ki, hansı zərər verməyən qohum var, ona verilsin.
Başa düşürük ki, uşaqlar qohumların yanında daha rahat ola, baş verənləri daha tez yaddan çıxara bilər. Təəssüf ki, cəmiyyətdə qohumlar bu travmanı unutmur və uşaqların yanında bunu tez-tez danışırlar.
Mən uşaqların qohumlara verilməsinin tərafdarı deyiləm, çünki travmanı uşağa təkrar-təkrar yaşada bilirlər. Bəzi adamlar ola bilər ki, uşaqlara bunu xatırlatmasın, müzakirə etməsin, amma uşaq hansı qohuma verilirsə, o şəxs psixoloji testdən keçməlidir.
Müsbət cəhət odur ki, Sosial Xidmətlər Agentliyi dərhal uşağı qeydiyyata alır və sonrakı taleyi ilə bağlı işləri görür. Sosial xidmətlərin qərarı ilə bəzi hallarda uşaq sığınacağa yerləşdirilir, bəzi halda isə qohumlardan kiməsə verilir.
Ölüm faktı ilə bizim sığınacağa yerləşdirilən uşaqlar yoxdur”.