Alışanın cinayət işi: O, məhkəməyə məcburi gətiriləcək

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etməyib.

Bildirilib ki, zərərçəkən Babək Məmmədzadə ölkə xaricindədir. Ona görə də prosesdə iştirak edə bilmir.

Hakim zərərçəkən barədə məcburi gətirilmə ilə bağlı qərar çıxarılmasının zəruri olduğunu deyib. Həmçinin, prosesdə zərərçəkən Yadigar İsrafilov barədə məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti proses aprelin 24-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Share on Facebook