Ağsunun "ağ ciyəri"nə ləkə düşüb, şam ağacları müəmmalı şəkildə quruyur - Foto

Ağsuda yerləşən bütün iynəyarpaqlı şam ağacları qısa vaxt ərzində kütləvi şəkildə qurumağa başlayıb!

Sanki məhz həmin ağaclara zərərverici bir xəstəlik yayılıb. Biz media olaraq həyəcan təbili çalaraq bütün media həmkarlarımızı, təbiətşünas alimlərimizi, mütəxəssisləri, aidiyyəti qurumları, ekoloqları təcili olaraq Ağsuya getməyə çağırırıq. Məsələni yerində öz gözlərinizlə görməyinizi təklif edirik.

Həmişəyaşıl ağaclar kütləvi olaraq rayonun hər yerində quruyub. Bu susuzluq və ya kimlərinsə obyekt yeri açsın deyə bilərəkdən qurutması kimi görülən məsələ deyil. Şam ağacları hər yerdə kütləvi olaraq məhv olur.

 5 ilin cavan şam ağacı və ya 50 ilin qoca şam ağacı fərq etmir, ucdantutma hamısı quruyur.

Hanı çaya, suya gedən maşınları güdüb yerli-yersiz cərimələyən Regional Ekologiya İdarəsinin səlahiyyətli "ataman" işçiləri? Niyə bu strateji məsələ barədə Ekologiya Nazirliyinə rəsmi qaydada müraciət edib tədbir üçün mütəxəssis dəvət etmirsiniz? Ağsu RİH, niyə susursunuz? Rayonun nəfəsi kəsilir, niyə heç kimin səsi çıxmır?!

Ağsuda yaşayan düşüncəli, aktiv həmyerlilərimizə səslənirik. Rəsmi olaraq ərizə ilə bütün yuxarı orqanlara məktublar göndərin. Bu hava hamının nəfəsidir. Özünüzün, övladınızın, kasıbın, varlının, vəzifəlinin, işsizin nəfəsidir. Laqeyd olmayın. Hərə bacardığı yolla kiməsə səsini çatdırsın.

Hərəyə bir ağac əkək deməklə bitmir bu işlər, gərək əkilən o ağacları hər bir təhlükədən qoruya da biləsən.

Mənbə, Ağsudan Xəbər

fc5071dc5ed12b44f34b742fb0d1d3a7.jpg

Share on Facebook