Sidney Universiteti, Vaşinqton Universiteti Tibb fakültəsi və digər təşkilatların mütəxəssisləri 2050-ci ilə qədər 800 milyon insanın bel ağrısından əziyyət çəkəcəyi qənaətinə gəliblər.
Sozcu.az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri tibb jurnalı "The Lancet Rheumatology"də dərc edilib.
Müəlliflər 1990-cı ildən 2020-ci ilə qədər 204 ölkədən tədqiqat iştirakçılarının daxil olduğu məlumatların təhlilini aparıblar. Bu, zamanla dəyişən bel ağrısı şikayətləri olan xəstələrin dinamik xəritəsini yaratmağa imkan verib.
Alimlər müəyyən ediblər ki, 2017-ci ildən bəri belə halların sayı yarım milyard insanı ötüb. 2020-ci ildə bel ağrısından əziyyət çəkən təxminən 619 milyon xəstə olub. Çox vaxt qadınlar bel ağrısından əziyyət çəkiblər.
Əldə edilən məlumatlara əsasən, 2050-ci ilə qədər bel ağrısı şikayətlərinin sayı demək olar ki, 50 faiz artacaq. Ən çox yoluxma Asiya və Afrikada qeydə alınacaq. Dünyada ümumilikdə 843 milyon insan bu xəstəlikdən əziyyət çəkəcək - əsasən əhalinin sayının artması və qocalması səbəbindən. Bu, gələcəkdə bel ağrısının yayılmasının modelləşdirilməsi üçün istifadə edilən ilk araşdırmadır.
Komanda bel ağrısının idarə edilməsinə ardıcıl yanaşmanın olmaması və məhdud terapevtik seçimlərin sağlamlıq böhranına səbəb ola biləcəyinə inanır, çünki bel ağrısı dünyada əlilliyin əsas səbəbidir.