8 min tələbə universitetdən niyə qovulub? - “Gözlərini həmin pula dikiblər”

2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb. 

Belə ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 nəfər olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. 

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etbar Əliyev Yenisabah.az-a danışıb. 

Onun sözlərinə görə, tələbələr əsasən, təhsil haqlarını ödəyə bilmədikləri üçün universitetlərdən xaric olunurlar:

"Ali məktəblər özlərinin internet portallarında xaric olunmaların səbəblərini qeyd etməlidir. Bu gün ali məktəblərin əksəriyyətinin saytı normal işləmir, baxırsan, heç hiss eləmirsən ki, bu, ali məktəbin saytıdır. Ancaq rektorun fəaliyyəti barədə xəbərlər dərc edilir. Rektorun fəaliyyəti cəmiyyət üçün, orada təhsil alanlar üçün nə dərəcədə əhəmiyyətlidir? 

Mənim təcrübəmə görə, universitetdən xaric edilənlər əsasən, təhsil haqqına görə xaric olunurlar. Universitetlər xüsusilə son kurslarda tələbələrə təhsilhaqqı ilə bağlı heç bir güzəşt etmirlər. Bakalavr yaxud magistratura pilləsini bitirənlər yekun qiymətləndirmədə təhsil haqqını ödəyə bilmirlərsə, onları imtahanlara buraxmırlar. Amma tələbələrə bəzi imkanlar yaradılmalıdır, indiki şəraitdə kimisə narazı salmaq doğru deyil. Tələbə imtahanı verəcəksə, nə vaxtsa gəlib diplomunu götürəndə şübhəsiz ki, həmin vəsaiti tapıb ödəyəcək". 

Deputat qeyd edib ki, tələbələrə bu məsələdə mütləq güzəşt etmək, onlara möhlət vermək lazımdır: 

"Dünyanın əksər ölkələrində - İsveçrədə, Almaniyada çox kiçik təhsil haqları, simvolik rəqəmlər müəyyənləşdirilir, yaxud təhsil pulsuz olur. Ancaq bizdə ali məktəblərin indiki vəziyyəti, özlərini saxlaya bilməmələri, kənar gəlirlərinin olmaması bunu etməyə imkan vermir. Onlar gözlərini tələbə vəsaitlərinə dikiblər. Həmin tələbə vəsaitləri hesabına müəllimlərin əməkhaqqları ödənilir. Mən düşünürəm ki, bu gün təhsil haqqına görə tələbənin universitetdən xaric edilməsi doğru deyil. Tələbəyə imkanlar yaratmaq lazımdır, o nə zamansa, bu məbləği tapıb hissə-hissə olsa da ödəyə bilər.

Xarici ölkələrdə banklar, aidiyyəti strukturlar tələbəyə 1-3 faizli kreditlər verirlər, tələbə bunu 20-30 il müddətində qaytara bilir. Amma təəssüf ki, bizdə belə institusional fəaliyyət yoxdur. Tələbə əgər bu adı qazanıbsa, onu həyatda arzuları, istəkləri var, valideynləri də çalışır ki, nəyin bahasına olursa olsun, övladları ali məktəbi bitirsin. Ona görə hər şeyi maddiyata yükləmək doğru deyil. Elə tələbə var ki, gələcəkdə magistratura, doktorantura pilləsini də davam etdirmək istəyir, o tələbəni təhsil haqqına görə universitetdən xaric etmək doğru deyil, mütləq vətəndaşa möhlət vermək lazımdır ki, o, ali təhsilini başa çatdırsın".

Share on Facebook