2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibə olacaq - Şevçenkonun proqnozu

Rusiyalı politoloq Maksim Şevçenko vaxtaşırı verdiyi telemüsahibələrin sonuncusunda bildirib ki, 2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibə olacaq.

Maksim Şevçenko Azərbaycanı sevən adamdır. O, vaxtilə əslən Şuşadan olan və Moskvada yaşayan filosof Heydər Camalla və onun oğlu Orxanla yaxın dostluq münasibətlərinə malik olub, Azərbaycanda çoxlu dostları var, qatıldığı beynəlxalq tədbirlərdə azərbaycanlı iştirakçılarla uzun-uzadı söhbətlər edir.

Üstəəlik, Maksim bu bölgəni bilən adamdır, Qarabağ münaqişəsinin tarixini, bu konfliktə təsir edən ölkə və faktorları azərbaycanlı və erməni poitoloqlardan yaxşı bilir. O, hələ 2019-cu ildə Almatıda Qarabağ münaqişəsində hər hansı bir tənzimlənmənin Rusiyanın iştirakı olmadan mümkün olmadığını bu sətirlərin müəllifinə və həmkarım Cavid İsmayıla demişdi.

Ondan sonrakı açıqlamalarında da Şevçenko həmişə öz obyektivliyi və dəqiq təsbitləri ilə fərqlənib. 44 günlük müharibədə və ondan sonra onun bölgəmizdəki proseslərə dair analiz və proqnozlarının səhihliyini dəfələrlə görmüşük.

Ona görə də ünlü politoloq Cənubi Qafqazda yeni müharibə olacağını deyirsə, bunu ciddiyə almaq lazımdır.

Düzdür, o, müharibə ehtimalını 50:50-yə nisbətdə proqnozlaşdırır, amma bu da ciddi siqnal sayıla bilər.

Bu, o deməkdir ki, Azərbaycan dövləti sayıqlığını əldən vermədən, düşmənin tam və qəti şəkildə zəbun olduğuna əmin olmadan işini ehtiyatlı tutmalı, hərtərəfli tədarükünü görməlidir.

Regionda marağı olan böyük dövlətlərindən qırımından da görünür ki, onlar “biz bitdi demədən, Qafqazda savaş bitməz” havasına giriblər. Xüsusilə də Ermənistanı silahlandıran, onunla birlikdə hərbi təlimlər keçən ölkələr (Fransa, Hindistan, ABŞ və s.) rəsmi İrəvan üçün revanş şansı tanıdıqlarını büruzə verirlər.

Deyəsən, ermənilər onları inandırıb ki, 2020-ci il payızında düçar olduqları hərbi məğlubiyyət sırf silah-sursat təchizatı sarıdan Azərbaycanla qeyri-bərabər hazırlığa malik olmaları və Rusiyanın xəyanəti üzündən olub, yoxsa “döyüşkən erməni xalqı” Azərbaycana elə biabırçılıqla məğlub olmazdı.

Ona görə də Ermənistanın və onun havadarlarının gerçək niyyəti budur ki, lazımi qədər silah-sursat topladıqdan sonra bölgədə yeni bir hərbi əməliyyata start versinlər.

Hələ Rusiyanın yeni müharibədə hansı mövqeni tutacağını da bilmək olmaz. Moskva Ermənistanı Qərbin əlindən qoparmaq, yenidən qazanmaq üçün yeni savaşda neytral olmaya bilər. Yeri gəlmişkən, Şevçenkonun telemüsahibəsində bu xüsusda da eyham var.

Ancaq yeni müharibə ehtimalını azaldan bir səbəb odur ki, Azərbaycanın daxilində separatçı qurum yoxdur və ermənilər ölkəmizin daxilində hərbi əməliyyata başlamaq imkanını itiriblər. Bu dəfə Ermənistan Azərbaycana birbaşa müharibə elan etməli və onun nəticələrinə qatlaşmalı olacaq. Bu isə Ermnistan dövləti üçün böyük risk deməkdir.

I və II Qarabağ müharibəsində savaş Azərbaycanın daxilində gedirdi və Ermənistan dövlət olaraq müharibəyə qarışmadığını, müharibəni qondarma “DQR”-in “silahlı qüvvələri”nin apardığını iddia edirdi. Dünya birliyi, böyük dövlətlər Qarabağda döyüşən ermənilərin 80 faizindən çoxunun Ermənistan vətəndaşları olduğunu, hərbi texnikanın 90 faizindən artığının Ermənistan ordusuna aidliyini bilə-bilə bu çılpaq həqiqətə göz yumurdular.

Bu dəfə isə ola biləsi müharibə sərhəddəki təmas xəttində baş verəcək, o zaman bu, Ermənistanın öz qonşusuna hücum etməsi demək olacaq.

Bundan çıxış edən bir çoxları düşünür ki, Ermənistan hərbi əməliyyata start verərsə, o zaman onun öz ərazisi, şəhərləri və kəndləri legitim hədəf halına gələcək. Bu halda Azərbaycan ordusu əks-hücuma keçərək Ermənistanın içərilərinə dala bilər.

Elə adamlar var ki, “bu təqdirdə onda biz İrəvanda çay içəcəyik” deyirlər, ancaq bu utopik söhbətdir. Yeni savaş qısa və ya uzunmüddətli olsa da, Ermənistan ordusu əsgərlərimizin qarşısından çəkilə-çəkilə İrəvana qədər qaçsa da, bizim başqa bir dövlətin ərazisini işğal etmək lüksümüz yoxdur. Ermənistanın çoxsaylı və güclü havadarları bu imkanı bizə verməzlər, ona görə də heç kəs illüziyaya qapılmasın.

Bizimki odur ki, sərhədimizi etibarlı şəkildə qoruyaq, 2020 və 2023-cü illərdə əldə etdiyimiz hərbi nailiyyətləri qoruyub saxlayaq və düşmən revanş eşqinə düşərsə, ona xam xəyallardan uzaq olmağı birdəfəlik başa salaq.(musavat.com)

Xalid KAZIMLI

Share on Facebook