Həyatını Azərbaycan yolunda qurban verənlərin haqqını ödəyə biləcəyimiz qeyri-mümkündür. Həyatda ən şirin olan canı fəda etmək böyük ürək, cəsarət, qəhramanlıq tələb edir. Bunun Azərbaycanda minlərlə nümunəsi var. Bəli, biz bunu dilimizdə şuara çevirib demirik. Tam mənası ilə səmimiyyətimiz, dürstlüyümüz, millətimizə sonsuz sayğımız ilə ifadə edirik.
Azərbaycanda səlahiyyətli şəxslərin "şəhidlər bizim baş tacımızdır" şüarlaşmış söhbətlərinə çox rast gəlirik. Açığını qeyd edim ki, mən bu sözləri ifadə edənlərin səmimiyyətinə inanmıram. Az-çox tanıyıram kim-kimdir. Burada qeyd edəcəyim məsələnin məğzinə gəlməmişdən öncə bildirim ki, mən bunu yazmamışdan bu məsələ həll olunmalı idi. Axı "şəhidlər baş tacıdır" dillərindən düşməyənlər bu məsələ haqqında məlumatlıdır. Kimsə bunu deməli, yazmalı deyil. Gələk məsələnin əsas məğzinə. Çinarlı qəsəbəsindən 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan bir çox qəhraman millət övladları var. Onların bir çoxunun adına məktəb, küçə var. Amma şəhid Hikmət Süleymanov və Pənah Mehbalıyevin adına zərrə qədər olsun qəsəbədə şəhid olaraq xatırlanacaq bir xatirə izi yoxdur. Qəsəbədə çalışmış eks-icra nümayəndələrindən biri Aşıq Alıya, Aşıq Ələsgərə, Dədə Qorquda ad verməyə küçə tapmışdı, amma bu şəhidlər heç yadlarına düşməyib. Vicdan, məsuliyyət, sayğı önəmli xüsusiyyətdir. Görünür ki, kimlərəsə bu deyilməlidir, batinində mövcud deyil. Çinarlı qəsəbə sakinləri İcra başcısının səyyar görüşündə bu məsələ diqqətinə çatdırılıb və bir daha buradan bildirməyi özümüz üçün mənəvi bir borc bilirik.
Çinarlı qəsəbəsi ərazisində şəhid Hikmət Süleymanov və şəhid Pənah Mehbalıyevin adlarına küçə verilməsini bir daha aidiyyatı qurumların diqqətinə çatdırırıq və şəhidlərə həqiqi ehtiramın göstərilməsini tələb edirik !
Ceyhun Nəbi