Natiq Cəfərli: Turizm prioritetdirsə, niyə bütün göstəricilər azalır?
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda turizm sahəsində müşahidə olunan geriləmə ilə bağlı diqqətçəkən açıqlama verib.
Sozcu.az xəbər verir ki, ekspert hökumətin turizmi prioritet sahə elan etməsinə baxmayaraq, rəsmi statistikanın tam əks mənzərə ortaya qoyduğunu bildirib.
Natiq Cəfərlinin sözlərinə görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyiblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 280 milyon 754,7 min manat və ya 22,9 faiz azdır.
O qeyd edib ki, hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər 32 faiz, qidalanmaya yönələn xərclər isə 20,1 faiz azalıb. Turizm zərflərinin alınması, nəqliyyat vasitələrinin icarəsi, idman və əyləncə xidmətləri, eləcə də hədiyyə və digər istiqamətlər üzrə xərclərdə də azalma qeydə alınıb.
İqtisadçı vurğulayıb ki, turizmin multiplikativ effekti var və bu sahədəki geriləmə iqtisadiyyatın 9-10 əlaqəli sektoruna da mənfi təsir göstərir.
Natiq Cəfərlinin fikrincə, quru sərhədlərinin bağlı qalması, rəqabətli mühitin formalaşdırılmaması və ölkənin turizm imkanlarının yetərincə təşviq edilməməsi bu geriləmənin əsas səbəblərindəndir. Onun sözlərinə görə, bu problemlər aradan qaldırılmadan turizmin inkişafına nail olmaq mümkün deyil.




