Elxan Şahinoğlu: “3+3” formatı Minsk Qrupuna çevrilməkdədir
Politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunda səsləndirdiyi “Cənubi Qafqazda “3+3” formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti Minsk Qrupuna çevrilməməlidir” fikrinə münasibət bildirib.
Sozcu.az xəbər verir ki, politoloqun fikrincə, mövcud vəziyyətdə “3+3” formatı artıq Minsk Qrupuna çevrilməkdədir.
“Birincisi, qrupun bir üzvü olan Gürcüstanın bəlli səbəblərə görə Rusiya ilə diplomatik münasibətləri yoxdur və rəsmi Tbilisi haqlı olaraq bu formatda iştirak etmir. Yəni indiki halda söhbət yalnız 3+2 formatından gedə bilər.
İkincisi, Rusiya və İran hələ də Cənubi Qafqaz ölkələrinin müstəqil qərarlarına hörmət etmirlər. Misal üçün, həm Moskva, həm də Tehran açıq-aşkar “Tramp yolu”nun əleyhinədirlər. Bunu ABŞ-ın bölgədə möhkəmlənməsi kimi qəbul edirlər.
Azərbaycanın və Ermənistanın istər ABŞ, istərsə də Avropa İttifaqı ilə sıx əlaqələri müstəqil qərarlardır və başqa dövlətlərin bu qərarların əleyhinə çıxması regional əməkdaşlıq imkanlarını azaldır. “Tramp yolu”ndan xeyli ölkə, o cümlədən Azərbaycan və Ermənistan faydalanacaq.
Əgər bir ölkə qonşusunun qərarına hörmət etmirsə, onunla eyni format çərçivəsində uzunmüddətli əməkdaşlıq etmək mümkün olmayacaq.
Azərbaycan üçün ən yaxşı variant qonşu ölkələrlə ikitərəfli və üçtərəfli formatları davam etdirməkdir. Əlbəttə, 3+3 formatından imtina edən tərəf biz olmayacağıq. Ancaq Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasəti dəyişməyincə, bu format da Minsk Qrupu kimi fəaliyyət göstərəcək”, – deyə Elxan Şahinoğlu bildirib.








