Elxan Şahinoğlu: “Hörmüz boğazına alternativ axtarışları davam edir”
Sozcu.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Hörmüz boğazında yaranmış gərginlik, enerji marşrutlarının təhlükəsizliyi və İranın boğaza nəzarət siyasətinin mümkün nəticələri barədə fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, hazırda İran boğazın girişinə, ABŞ hərbi gəmiləri isə çıxışına nəzarət edir. Tehranın Hörmüz boğazına nəzarət istəyindən əl çəkməməsi region ölkələri ilə yanaşı, İranın özünə də ciddi problemlər yaradır.
Şahinoğlu bildirib ki, ABŞ İran sahillərinə yaxınlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürür. Onun sözlərinə görə, İranın əsas gəlir mənbəyi neft ixracıdır və bu ixracın məhdudlaşdırılması ölkənin onsuz da ağır olan iqtisadi vəziyyətini daha da çətinləşdirə bilər.
Politoloq qeyd edib ki, bunun fonunda Hörmüz boğazına alternativ marşrutların axtarışı davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın dünya bazarlarına çatdırılmasında Hörmüzdən asılılığı azaltmaq barədə düşünürlər.
Elxan Şahinoğlu tarixi nümunələrə də diqqət çəkib. O, İkinci Dünya müharibəsi dövründə Hindistandan Çinə çəkilən və ABŞ generalı Cozef Stilvellin şərəfinə “Stilvel yolu” adlandırılan alternativ marşrutu, həmçinin Süveyş böhranından sonra gündəmə gələn Trans-İsrail neft kəmərini nümunə göstərib.
Politoloqun sözlərinə görə, 1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki limanlardan istifadə etmək üçün Oman ərazisindən neft kəməri çəkmək təklifi də irəli sürülüb. Oman layihənin ölkənin suverenliyinə təsir göstərə biləcəyindən ehtiyat edərək buna qarşı çıxsa da, Körfəz ölkələrinin neft yataqlarını Oman limanları ilə birləşdirmək ideyası sonrakı dövrlərdə də gündəmdə qalıb.
Şahinoğlu bildirib ki, hazırda Oman neft və sıxılmış qazın Hörmüz boğazından yan keçməklə dünya bazarlarına çatdırılması layihələrini müzakirə etməyə hazırdır.
“Yəməndəki silahlı husilər Bab əl-Məndəb boğazında gəmiləri hədəf aldıqda, bir çox ticarət gəmisi Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan uzun bir yol qət etdi. Bu yol uzun olsa da, hər halda alternativdir”, – deyə politoloq vurğulayıb.
Azərbaycanın enerji siyasətində alternativ marşrutların əhəmiyyətinə toxunan Elxan Şahinoğlu ölkəmizin 1990-cı illərdən etibarən müxtəlif neft ixracı istiqamətləri yaratmasını mühüm addım kimi qiymətləndirib.
O qeyd edib ki, Azərbaycan əvvəlcə Bakı-Novorossiysk, daha sonra isə Bakı-Supsa və Bakı-Ceyhan boru kəmərlərinin tikintisini reallaşdırmaqla yalnız bir marşrutdan asılı vəziyyətə düşməyib.
Politoloqun fikrincə, Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorossiysk kəməri ilə kifayətlənsəydi, sonrakı illərdə Rusiya ilə yaranan problemlər və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ciddi risklərlə üzləşə bilərdi.
Şahinoğlu Qazaxıstanın da Novorossiysk limanından asılılığının yaratdığı problemlərə diqqət çəkərək bildirib ki, Astana bu səbəbdən alternativ marşrut kimi Azərbaycanın enerji infrastrukturlarından istifadəyə çalışır.
Politoloq hesab edir ki, enerji resurslarının dünya bazarlarına təhlükəsiz çatdırılması üçün alternativ marşrutların yaradılması dövlətlərin enerji təhlükəsizliyində mühüm rol oynayır.












