Xəqani Cəfərli: NATO-nun Ankara sammitinin şəriksiz qalibi Ukraynadır
Politoloq Xəqani Cəfərli NATO-nun Ankara sammitinin nəticələrini dəyərləndirib.
Sozcu.az xəbər verir ki, politoloq bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Xəqani Cəfərli yazıb:
“NATO-nun Ankara sammitinin şəriksiz qalibi Ukraynadır. Alyansın bu il Ukraynaya 70 milyard dollar, qarşıdan gələn 2027-ci ildə də ən azı bu qədər maliyyə ayırmaqla bağlı öhdəlik xarakterli qərarı Kiyevin böyük uğurudur. ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququ verəcəklərini bəyan etməsi NATO-nun iki il ərzində Kiyevə ən azı 140 milyard dollar dəstək verməklə bağlı qərarından sonra ikinci böyük hadisədir. Qənaətimcə, bu açıqlamanın siyasi əhəmiyyəti 140 milyardlıq maliyyə yardımı öhdəliyindən daha böyükdür.
Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququnun verilməsinin əhəmiyyəti daha yaxşı aydın olsun deyə xatırladım ki, ABŞ bir çox müttəfiqlərinə, o cümlədən NATO-ya üzv ölkələrin bir çoxuna “Patriot” sistemi vermir. ABŞ-ın Ukraynadan dronlar alacağı ilə bağlı Prezident Donald Trampın açıqlamasının da Ukraynanın hərbi sənayesinin uğurunun etirafı olmaqla yanaşı, ciddi siyasi əhəmiyyəti var. Aydın görünür ki, Trampa rəğmən Vaşinqtonla Kiyev daha çox tellərlə bir-birinə bağlanmağa başlayır.
Kiyevin növbəti uğuru səkkiz NATO ölkəsi ilə birlikdə hərbi sektora investisiya qoyuluşunu asanlaşdıracaq bankın yaradılmasıdır.
Kanadanın bir neçə ay öncə irəli sürdüyü Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması təşəbbüsünü Albaniya, Belçika, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Yunanıstan dəstəkləyib. ABŞ və Avropanın iqtisadiyyatca inkişaf etmiş ölkələrinin bu təşəbbüsə qoşulmaması təəssüf doğursa da, JPMorgan, Deutsche Bank, Commerzbank və Royal Bank of Canada kimi nəhəng bankların layihəyə dəstək vermələri onun uğurlu olacağına ümidləri artırır. Heç şübhəsiz ki, bu layihədən ən çox faydalanan Ukrayna olacaq.
ABŞ-dan uzaq mənzilli raketlərlə bağlı asılılığın azaldılması üçün Böyük Britaniya, Fransa və Almaniyanın 2000 kilometr mənzilli yüksək dəqiqlikli raketlərinin istehsal edilməsi təşəbbüsü də Ukraynanın qələbəsi hesab oluna bilər. Çünki bu təşəbbüslə ilk dəfə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib. ABŞ Almaniyada 2500 km-ə qədər mənzilə malik Tomahawk raketlərinin yerləşdirilməsindən imtina etdikdən sonra Avropa dövlətlərinin özlərinin 2000 kilometr mənzilli yüksək dəqiqlikli raketlər istehsal etməkdən başqa yolu qalmadı. Böyük Britaniya, Fransa və Almaniya bu proqram üçün 50 milyard dollar sərf etmək niyyətindədirlər.
Soyuq müharibə dövründə NATO-nun Qərbi Almaniyadakı hərbi birləşmələrini yanacaqla təmin etmək üçün Avropanın qərbindən Qərbi Almaniyaya çəkilmiş yanacaq boru kəmərlərinin Şərqi Avropaya qədər uzadılması da Ukraynanın faydasına olacaq.
NATO-nun Ankara sammiti göstərdi ki, Finlandiya Prezidenti Aleksandr Stubbun dediyi kimi, Ukraynanın Alyansa üzvlüyü zərurətə çevrilib. Finlandiya prezidentinin NATO-nun formatının dəyişərək artıq “32+1” şəklini alması haqqında sözləri isə qənaətimcə, həqiqəti tam əks etdirmir. Qənaətimcə, “32+1” deyil, “1+32” formatı yaranıb. Artıq Qərbin təhlükəsizliyi Ukrayna olmadan mümkün deyil. Qərbin təhlükəsizlik arxitekturasının bu qədər dəyişəcəyini bir neçə il öncə çox az adam təsəvvür edirdi. Demokratiya Naminə Ukrayna Dəstək Platforması bunu ilk bəyan edənlərdən biri, bəlkə də birincisi idi. Baxmayaraq ki, Qərbin bir çox aparıcı strukturları, aparıcı düşüncə mərkəzləri və nüfuzlu təhlilçiləri dörd il öncə bununla bağlı fikirləri fantaziya hesab edirdi, Ankara sammiti bizim dörd il əvvəlki mövqeyimizin təsdiqi oldu. Bu isə heç şübhəsiz qürurvericidir.
Rusiyada etnik azlıqların – çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsinə etiraz edilməsi, çərkəzlərə və digər xalqlara qarşı Rusiya İmperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası tərəfindən törədilmiş soyqırımların Moskva tərəfindən etiraf edilməsi, Dərbənd başda olmaqla işğal altındakı Şimal torpaqlarımızın Azərbaycana qaytarılması ilə bağlı Demokratiya Naminə Ukrayna Dəstək Platformasının yarandığı gündən apardığı işin tədricən Azərbaycan cəmiyyətinin və dövlətinin siyasətinə çevrilməsini görmək də qürurvericidir.
Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə Şuşada keçirilən “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfransın bəyannaməsində Rusiyada etnik azlıqların – çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsinə etiraz edilməsi, çərkəzlərə və digər xalqlara qarşı törədilən soyqırımların etiraf edilməsi ilə bağlı məqamların yer alması Demokratiya Naminə Ukrayna Dəstək Platformasının təqdim etdiyi strategiyanın ən doğru yol olduğunu göstərir. Yeganə təəssüf doğuran məqam konfransın birgə bəyannaməsində Dərbənd başda olmaqla işğal altındakı Şimal torpaqlarımızın azad edilərək Azərbaycana qaytarılması ilə bağlı tələbin, Rusiya Federasiyası tərəfindən suveren və müstəqil Çeçen İçkeriya Respublikasının işğalının beynəlxalq səviyyədə tanınmamasına çağırışın və çeçen xalqının soyqırımının pislənməsi ilə bağlı maddənin olmamasıdır.
NATO-nun Ankara sammiti göstərdi ki, Rusiyanın dekolonizasiyası başlayıb və bu prosesin geri dönüşü yoxdur."







