Şahinoğlu: “Müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb”

11 baxış

Elxan Şahinoğlu: “Pekinin müharibəni dayandırmaq üçün xüsusi canfəşanlıq göstərəcəyi gözlənilmir”

Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünü və Rusiya-Ukrayna müharibəsinin dayandırılması perspektivlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Zelenski müharibənin qışa qədər başa çatdırılması üçün Trampın səylərini artıracağına ümid etdiyini söyləyib. Tramp isə Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını və Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişinin şərtlərini müzakirə etdiyini bildirib.

Şahinoğlunun sözlərinə görə, Tramp müharibəni başa çatdıracağına əminliyini bir daha ifadə etsə də, gələcək sazişin detalları barədə məlumat verməyib.

“Tramp ‘hesab edirəm ki, yaxın vaxtlarda mütləq nəsə baş verəcək’ deyib. ABŞ Prezidenti buna bənzər ifadələri əvvəllər də səsləndirib. Ancaq müharibənin gedişində heç nə dəyişməyib. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə görüşü də nəticə verməyib”, – deyə politoloq qeyd edib.

O bildirib ki, Zelenski Trampın Rusiya və Ukraynanın bir-birlərinin yanacaq mərkəzlərinə zərbələr endirməməsi təklifini dəstəkləyib, lakin Rusiyanın da eyni qərarı verməsinin vacibliyini vurğulayıb.

“Ukrayna Prezidenti Rusiya lideri ilə üçtərəfli görüşə hazır olduğunu və danışıqlar üçün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İsveçrənin seçilə biləcəyini bildirib. Kreml isə Kiyevin bu təklifinə müsbət yanaşmır. Rusiya rəsmiləri bunun əvəzinə Ukrayna Prezidenti üçün ‘Moskvada qəbul edə bilərik’ təklifini səsləndirirlər”, – Şahinoğlu deyib.

Politoloq Zelenskinin Çin lideri Si Cinpinin danışıqlara cəlb olunması təklifinə də diqqət çəkib.

“Zelenski Çin liderinin Rusiya üzərində böyük təsiri olduğu qənaətindədir. Pekinin istəyi olarsa, Kremli müharibəni dayandırmağa məcbur edə bilər. Ancaq Pekinin belə bir istəyi yoxdur. Əksinə, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb və bu, Pekinin maraqlarına uyğundur”, – deyə politoloq bildirib.

Şahinoğlu əlavə edib ki, Pekin Rusiya-Ukrayna müharibəsi dayandırılacağı təqdirdə Vaşinqtonun diqqətini Çinə yönəldərək bu ölkəyə təzyiqini artıra biləcəyini də nəzərə alır.

“Təsadüfi deyil ki, Zelenski bir neçə gün əvvəl Çinin Rusiyanı danışıqlara sövq etmək imkanlarının olduğunu, ancaq Pekinin Ukraynanın tərəfində olmadığı üçün bunu etmədiyini bildirmişdi”, – politoloq vurğulayıb.

Paylaş:

Əlaqəli məqalələr