Ərdoğanın açıqlamasında müəmmalı məqamlar: İbrahim Kalın Azərbaycana niyə gizli gəlib?
# Ərdoğanın “Azərbaycan səfəri” açıqlamasındakı ziddiyyətlər
Politoloq Xəqani Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana mümkün səfəri ilə bağlı açıqlamasında bir sıra ziddiyyətli məqamların olduğunu bildirib.
Sozcu.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkə hesabında yazıb.
Xəqani Cəfərlinin yazısını təqdim edirik:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə bir vəziyyət yaranmasa, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər edə biləcəyini bildirib. Azərbaycanda bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri isə Ərdoğanın səfər ehtimalını artıq qətiləşmiş qərar kimi təqdim edir, bunun üzərindən müxtəlif təhlillər aparırlar.
Halbuki, Ərdoğanın açıqlamasında diqqət çəkən bir sıra ziddiyyətli məqamlar var.
Məsələn, Ərdoğan həmin açıqlamasında Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirir.
Hazırda Türkiyə Milli Kəşfiyyat Təşkilatına İbrahim Kalın rəhbərlik edir. Açıq mənbələrdə onun Azərbaycana sonuncu dəfə 2024-cü ildə səfər etdiyi barədə məlumat var. Belə ki, İbrahim Kalın Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirak edib.
Həmin vaxtdan bəri İbrahim Kalının Azərbaycana səfər etməsi ilə bağlı açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.
Əgər Ərdoğanın dediklərini həqiqət kimi qəbul etsək, onda ortaya iki ciddi sual çıxır.
Birincisi, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Azərbaycana səfər edibsə, bu səfər Türkiyə və Azərbaycan ictimaiyyətindən nə üçün gizli saxlanılıb?
İkinci sual isə budur: Türkiyə ilə Azərbaycan arasında nələr baş verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbərinin məxfi səfərinə ehtiyac yaranıb?
Ərdoğanın Azərbaycan səfəri ilə bağlı açıqlamasındakı ziddiyyətlər bununla da bitmir.
Türkiyə Prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı apardığını, eləcə də dövlət başçılarının həyat yoldaşları arasında telefon danışığının baş tutduğunu bəyan edib.
Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə sonuncu dəfə 21 oktyabr 2026-cı ildə telefonla danışması barədə məlumatdan başqa, iki ölkə lideri arasında əlavə telefon danışığının baş tutduğunu təsdiqləyən hər hansı açıq məlumat yoxdur.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın son bir ay ərzində Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanla telefon danışığı apardığını təsdiqləyən də heç bir məlumat mövcud deyil.
Üstəlik, Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana dəvət edildiyini təsdiqləyən hər hansı rəsmi məlumat da yoxdur.
Vəziyyət, deyəsən, məşhur məsəldə deyildiyi kimidir.
MC TV isə Ərdoğanın Azərbaycana gözlənilən səfərini kifayət qədər maraqlı bir başlıqla təqdim edib. Qənaətimcə, gerçəkliyə daha yaxın olan da məhz həmin başlıqdır.

















