Arif Hacılı: “Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə daxil olur”

136 baxış

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Rusiya-Ukrayna müharibəsinin gedişatı və regionda baş verən geosiyasi proseslərlə bağlı fikirlərini bölüşüb.

Sozcu.az xəbər verir ki, Arif Hacılı sosial şəbəkə hesabında paylaşdığı yazıda müharibənin artıq yeni mərhələyə keçdiyini bildirib.

Onun sözlərinə görə, hazırda əsas hadisələr təmas xəttində deyil, dron və raket hücumları müstəvisində cərəyan edir. Arif Hacılı qeyd edib ki, Ukrayna Rusiyanın hərbi, enerji və logistika infrastrukturuna zərbələr endirməklə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.

Müsavat funksioneri paylaşımında Rusiyada təhlükəsizlik problemlərinin artdığını, bəzi bölgələrdə əhalinin daha təhlükəsiz ərazilərə üz tutduğunu, enerji infrastrukturuna hücumların isə yanacaq təchizatına təsir göstərdiyini vurğulayıb.

Arif Hacılı beynəlxalq siyasi müstəvidə də dəyişikliklərin müşahidə olunduğunu qeyd edərək, Avropa İttifaqının Ukraynaya dəstəyini artırdığını, ABŞ administrasiyasının mövqeyində müəyyən dəyişikliklərin hiss edildiyini bildirib.

Paylaşımda Avrasiya məkanında yeni geosiyasi reallıqların formalaşdığı da vurğulanıb. Müəllif bu kontekstdə Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayevin Brüsselə səfərini, eləcə də Ursula von der Leyenin Azərbaycan və Ermənistana gözlənilən səfərlərini xatırladıb.

Arif Hacılı sonda bildirib ki, yeni dünya düzəninin formalaşması prosesində Ukraynanın mühüm rol oynadığını və bu ölkənin müttəfiqlərinin dəstəyi ilə qarşıya qoyduğu məqsədlərə nail olacağına inandığını ifadə edib.

Paylaş: