İsrailin ilk mizrahi baş naziri kim ola bilər?
Politoloq Şahin Cəfərli İsraildə hökumətin formalaşdırılması prosesi və Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi ilə bağlı təhlilini bölüşüb.
Sozcu.az xəbər verir ki, politoloq özünün sosial şəbəkə hesabında paylaşdığı təhlildə İsrail Prezidenti İsaak Hersoqun yeni hökuməti formalaşdırmaq səlahiyyətini müxalifət lideri Qadi Ayzenkota verdiyini bildirib.
Onun sözlərinə görə, parlamentdə təmsil olunan siyasi partiyalarla aparılan məsləhətləşmələr zamanı 48 deputata malik müxalifət koalisiyasının liderləri – Yair Lapid, Naftali Bennet, Aviqdor Liberman və Yair Qolan, eləcə də 19 mandatı olan ərəb partiyalarının (RAAM və "Ortaq Siyahı") liderləri Mansur Abbas və Əhməd Tibi hökuməti qurmaq səlahiyyətinin Ayzenkota verilməsini tövsiyə ediblər.
Beləliklə, ehtimal olunan Ayzenkot hökumətinin parlamentdəki potensial dəstəyi 67 deputata yüksəlib. Halbuki hökumətin qurulması üçün azı 61 səs tələb olunur. Netanyahunun baş nazirliyini isə cəmi 46 deputat dəstəkləyib.
Şahin Cəfərli qeyd edib ki, bütün bunlara baxmayaraq, Ayzenkotun hökuməti formalaşdıra biləcəyinə tam əminlik yoxdur. Belə ki, müxalifət koalisiyasının üzvü Aviqdor Liberman ərəb partiyalarının kənardan dəstəyi ilə azlıq hökumətinin qurulmasına qarşı çıxır. Bununla yanaşı, Liberman ultraortodoks yəhudilərin hökumətə cəlb edilməsinə də ilk dəfə yaşıl işıq yandırıb.
Politoloqun sözlərinə görə, 7 mandatı olan "Yaadut ha-Tora" ("Tövrat Yəhudiliyi") Partiyası Netanyahunun blokundan uzaqlaşıb və hazırda tərəfsiz mövqe tutur. Lakin sekulyar sionist koalisiya ilə ravvinlər arasında anlaşmanın əldə edilməsi asan olmayacaq. Xüsusilə dindar gənclərin hərbi xidmətə cəlb olunması və onların cəmiyyətə inteqrasiyası məsələlərində tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur.
Cəfərli vurğulayıb ki, Libermandan başqa, müxalifət liderləri Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün tarixi fürsətin yarandığını düşünür və bu şansın əldən verilməməsinin vacibliyini bildirirlər. Ərəb siyasətçilər də məhz Netanyahudan xilas olmaq məqsədilə sionist müxalifətə dəstək verirlər.
Politoloq hesab edir ki, ABŞ-da keçirilən son seçkilərin nəticələri də İsrailin daxili siyasətində Netanyahunun mövqelərini zəiflədib.
Onun bildirdiyinə görə, gələn həftə Knessetin yeni tərkibinin ilk iclası keçirilməli, müxalifət isə parlament rəhbərliyini dəyişdirməyə çalışmalıdır. Knessetin sədrliyinə "Yeş Atid" ("Gələcək var") Partiyasının lideri Yair Lapidin namizədliyinin irəli sürülməsi gözlənilir.
Şahin Cəfərli diqqətə çatdırıb ki, "Yaşar" Partiyasının lideri Qadi Ayzenkot 1960-cı il təvəllüdlüdür, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi və ehtiyatda olan general-leytenantdır. O, hökuməti formalaşdırmağa nail olarsa, İsrail dövlətinin yaranmasından bəri ilk mizrahi (Orta Şərq mənşəli) baş nazir olacaq. İndiyədək ölkənin bütün baş nazirləri aşkenaz yəhudiləri (Avropa mənşəli yəhudilər) olub.
Politoloqun sözlərinə görə, Ayzenkotun hökuməti formalaşdırmaq üçün dekabrın 6-dək vaxtı var. Bu müddət başa çatdıqdan sonra o, prezidentdən əlavə iki həftə vaxt istəyə bilər.


















