"Türkiyədə siyasi zəlzələ" – Şahin Cəfərli yeni mərhələdən danışdı
Politoloq Şahin Cəfərli Türkiyədə müxalifət düşərgəsində baş verdiyi iddia olunan siyasi prosesləri şərh edib.
Sozcu.az xəbər verir ki, Şahin Cəfərli bildirib ki, Özgür Özəlin CHP-dən ayrılaraq yeni siyasi təşkilat yaratması Türkiyə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, CHP-nin 2024-cü il yerli seçkilərində qazandığı uğurdan sonra hakimiyyətin əsas hədəfi partiyanın prezidentliyə potensial namizədi Əkrəm İmamoğlu və müxalifətin təşkilatlanma imkanları olub. Politoloq hesab edir ki, məqsəd müxalifəti zəiflətmək və cəmiyyətdə ümidsizlik yaratmaq idi.
Şahin Cəfərli qeyd edib ki, hadisələrin gedişi hakimiyyətin gözlədiyi ssenari üzrə inkişaf etməyib. Onun fikrincə, Özgür Özəl həm liderlik nümayiş etdirib, həm də partiyanın əsas təşkilati dayaqlarını ətrafında saxlaya bilib.
Politoloqun qənaətincə, CHP daxilində parçalanma gözlənildiyi kimi müxalifətin zəifləməsinə deyil, yeni siyasi platformanın formalaşmasına gətirib çıxarıb. O bildirib ki, bu proses Türkiyə siyasətində yeni siyasi reallıq yarada bilər.
Şahin Cəfərli hesab edir ki, Atatürkçü platformada yeni siyasi partiyanın yaradılması Cümhuriyyətin qurucu dəyərlərinin və dünyəvi, demokratik hüquq dövlətinin qorunması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, əgər yeni siyasi qüvvə ciddi strateji səhvlərə yol verməz və artan təzyiqlərə tab gətirə bilsə, gələcəkdə CHP-yə səs verməyən seçicilərdən də dəstək qazanaraq hakimiyyət uğrunda real iddiaçıya çevrilə bilər.









