"İranla toqquşmadan yayınan Türkiyə Rusiyaya qarşı Azərbaycanı qoruya bilməz” - Politoloq
Xəqani Cəfərli: “Türkiyənin Azərbaycanda hərbi bazası yeni risklər yarada bilər”
Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması ölkənin təhlükəsizliyi üçün çəkindiricilik faktoruna çevrilə bilərmi? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasını təklif edir. Bu mövqeni müdafiə edən çoxsaylı ekspert və təhlilçilər də var. Politoloq Xəqani Cəfərli isə bu yanaşma ilə razılaşmır.
Sozcu.az xəbər verir ki, politoloq Xəqani Cəfərli Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması təklifinə münasibət bildirərək bu addımın ölkənin təhlükəsizliyinə real təminat verməyəcəyini, əksinə, yeni risklər yarada biləcəyini qeyd edib.
Politoloq yazır ki, tarixdə çoxsaylı hərbi ittifaqlar olsa da, NATO və Varşava Müqaviləsi Təşkilatı istisna olmaqla, üzv dövlətlərə tam hərbi toxunulmazlıq təmin edən başqa bir ittifaq olmayıb.
Onun fikrincə, NATO-nun çəkindiricilik gücü ABŞ-la mümkün hərbi qarşıdurma ehtimalından qaynaqlanır. Türkiyənin də vaxtilə Sovet İttifaqının ərazi tələblərindən qorunmaq və torpaq itirmək təhlükəsini aradan qaldırmaq üçün NATO-ya üzv olduğunu xatırladan politoloq qeyd edir ki, Varşava Müqaviləsi Təşkilatının mövcud olduğu dövrdə də Sovet İttifaqı ilə hərbi toqquşma ehtimalı alyansın üzvləri üçün çəkindirici amil olub.
Xəqani Cəfərli NATO-nun bu gün də çəkindiricilik faktoru olaraq qaldığını bildirir. Onun sözlərinə görə, Rusiyanın 2022-ci ildən Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Baltikyanı ölkələrə, xüsusilə Litvaya hərbi müdaxilənin baş verməməsində NATO üzvlüyü mühüm rol oynayır. Politoloq hesab edir ki, ABŞ NATO qarşısında öhdəliklərini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə alyansın çəkindiricilik gücü də aradan qalxa bilər.
Politoloq Türkiyənin Qətərdəki hərbi bazalarını da nümunə göstərib. O qeyd edib ki, Qətərdə ABŞ və Türkiyənin bir neçə hərbi bazası olsa da, bu, ölkəni İran və İsrailin hücumlarından qoruya bilməyib.
Xəqani Cəfərli yazır ki, İranın QatarEnergy şirkətinin obyektlərinə qarşı həyata keçirdiyi ardıcıl hücumlar nəticəsində Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixrac potensialının 17 faizi məhv edilib. Bunun ölkə üçün illik təxminən 20 milyard dollar itki demək olduğunu bildirən politoloq Türkiyənin Qətərdəki hərbi bazalarının bu hücumların qarşısını almaqda faydasız olduğunu vurğulayır.
Onun fikrincə, Türkiyənin Qətərdəki hərbi bazaları Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə qarşı çəkindiricilik faktoru ola bilər, lakin İran və İsrailə qarşı təhlükəsizlik çətiri rolunu oynaya bilməz. Politoloq bunu Türkiyənin İranın raket hücumlarının və İsrailin hava zərbələrinin qarşısını almaq üçün lazımi hərbi-texniki imkanlara malik olmaması ilə izah edir.
Xəqani Cəfərli Səudiyyə Ərəbistanının timsalında da xarici hərbi qüvvələrin mövcudluğunun təhlükəsizliyə tam təminat vermədiyini qeyd edir. Onun yazısına görə, Səudiyyə Ərəbistanında ABŞ və Pakistanın hərbi bazaları, Türkiyə və Misirin hərbi kontingentləri mövcuddur. Pakistanın bu ölkədəki hərbi kontingentinin ən azı 8 min nəfər, Qərb mətbuatının məlumatlarına görə isə 30-40 min nəfər olduğu bildirilir.
Politoloq xatırladır ki, Pakistanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hərbi yardım müqaviləsi mövcuddur. Bundan başqa, İslamabadın Ər-Riyaddan maliyyə asılılığı da var. Səudiyyə Ərəbistanının Pakistan və Türkiyə ilə “Məkkə paktı” imzalamasını da təhlükəsizlik təminatlarını gücləndirmək cəhdi kimi qiymətləndirir.
Bununla belə, Xəqani Cəfərli hesab edir ki, Pakistan, Türkiyə və Misir İran kimi güclü dövlətlə uzunmüddətli hərbi qarşıdurmaya hazır deyillər. Onun fikrincə, bu ölkələr Səudiyyə Ərəbistanını qorumaq məqsədilə İran və ya husilərə qarşı hərbi əməliyyatlara qoşulmaqdan yayınır, bunun əvəzinə siyasi və diplomatik manevrlərə üstünlük verirlər.
Politoloq bu arqumentlərdən çıxış edərək İranla hərbi toqquşmadan yayınan Türkiyə və ya Pakistanın Rusiyaya qarşı Azərbaycanı qorumasının real olmadığını bildirir. O, Türkiyənin Rusiyadan enerji, maliyyə və iqtisadi asılılığının da buna imkan vermədiyini düşünür.
Xəqani Cəfərli Azərbaycanın təhlükəsizliyi baxımından iki əsas çəkindiricilik amilini önə çəkir. Onun fikrincə, İrana qarşı Azərbaycanın ən güclü çəkindiricilik faktoru Güney Azərbaycandır.
“Tehran rejimi üçün bundan güclü çəkindiricilik amili, dəlili yoxdur və ola da bilməz”, – deyə politoloq yazır.
Rusiyaya qarşı əsas çəkindiricilik amili kimi isə Azərbaycanın strateji coğrafi mövqeyini göstərir. O qeyd edir ki, Avropa ilə Asiyanı birləşdirən mühüm beynəlxalq nəqliyyat xətlərinin kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın vacib logistik qovşaqlarından biridir.
Politoloqun fikrincə, Azərbaycanın suverenliyinin qorunması və üçüncü bir dövlətin təsiri altına düşməməsi ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Çin üçün strateji əhəmiyyət daşıyır. O hesab edir ki, dünyanın iki böyük gücü olan ABŞ və Çin Azərbaycanın Rusiya və ya İran kimi dövlətlərdən asılı vəziyyətə düşməsində maraqlı deyil.
Xəqani Cəfərli Böyük Britaniya ilə Azərbaycan arasında müdafiə, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını da Azərbaycanın artan strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirir.
Politoloq Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsinin texnoloji suverenlik və kibertəhlükəsizlik baxımından da əlavə problemlər yarada biləcəyini düşünür. Onun fikrincə, yüksək texnologiyalara malik dövlətlər Türkiyənin təsiri altında olan ölkə kimi görünən Azərbaycanla strateji əhəmiyyətli texnologiyalarını bölüşməkdən çəkinə bilərlər.
Xəqani Cəfərli daha bir risk kimi “Müsəlman qardaşları” şəbəkəsinə qarşı qlobal miqyasda güclənən təqib prosesini göstərir. O hesab edir ki, həmin şəbəkənin siyasi himayəçisi kimi qəbul edilən Türkiyənin Azərbaycanda hərbi baza yaratması ölkənin təhlükəsizliyinə əlavə risklər gətirə bilər.
Politoloq mövzunun bir yazıda tam əhatə edilməsinin mümkün olmadığını bildirərək müzakirələri davam etdirəcəyini və fərqli mövqedə olanları sağlam müzakirəyə dəvət etdiyini vurğulayıb.


















