Şahin Cəfərli: NATO Rusiyanı uzunmüddətli təhdid kimi bir daha təsdiqlədi
NATO-nun Ankara zirvəsi transatlantik birliyin qorunması baxımından mühüm mərhələ kimi yadda qalacaq.
Bu fikirləri politoloq Şahin Cəfərli səsləndirib.
Onun sözlərinə görə, bəzi bədbin və ehtiyatlı proqnozlara rəğmən, ABŞ Prezidenti Donald Tramp zirvə toplantısında konstruktiv mövqe tutub. Politoloq bildirib ki, qəbul olunan yekun sənəd NATO-nun ABŞ və Avropa qanadları arasında konsensusu ortaya qoyur. Sənəddə Rusiyanın uzunmüddətli təhdid kimi qiymətləndirilməsi və kollektiv müdafiəyə dair 5-ci maddəyə bağlılığın ifadə olunması mühüm məqamlardan biridir.
Şahin Cəfərli qeyd edib ki, bu il Ukraynaya 70 milyard avro, 2027-ci ildə isə ən azı bu qədər hərbi yardımın verilməsi barədə razılıq əldə olunub. Onun fikrincə, Ukrayna məsələsində Tramp administrasiyası ilə Avropa İttifaqı arasında son G7 zirvəsində formalaşan ortaq mövqe və siyasət Ankarada bir daha təsdiqlənib.
Politoloqun sözlərinə görə, ABŞ-ın Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə razılaşması günün ən mühüm hadisəsidir. O bildirib ki, Ukrayna Bayden administrasiyası dövründən bu icazəni almağa çalışsa da, həmin müraciətlər rədd edilmişdi.
Şahin Cəfərli əlavə edib ki, Donald Tramp müharibədən sonra Ukraynaya təhlükəsizlik təminatı çərçivəsində ölkə səmasının qorunmasını öz üzərlərinə götürə biləcəklərini vurğulayıb.
O, həmçinin ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın dərinliklərinə zərbələr endirilməsi istiqamətində Ukraynaya kömək edəcəklərini bildirdiyini xatırladaraq, məqsədin Moskvanı sülhə məcbur etmək olduğunu qeyd edib.





