Xəqani Cəfərli: Demokratların qələbəsi Azərbaycanın maraqlarına zidd ola bilər
Demokratların qələbəsinə sevinməliyikmi?
Politoloq Xəqani Cəfərli ABŞ-da keçirilən aralıq seçkilərində demokratların qələbəsinin Azərbaycan üçün hansı nəticələr doğura biləcəyini şərh edib.
Sozcu.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında paylaşdığı yazıda demokratların qələbəsinə Azərbaycan cəmiyyətinin reaksiyasını, bunun ölkəmizin maraqlarına mümkün təsirlərini təhlil edib.
Xəqani Cəfərli hesab edir ki, siyasi proseslərə emosional deyil, rasional yanaşmaq lazımdır. Onun fikrincə, ABŞ-da hansı partiyanın qalib gəlməsindən daha çox, həmin partiyanın siyasi mövqeyi əhəmiyyətlidir.
Politoloqun yazısını təqdim edirik:
ABŞ-dakı aralıq seçkilərinin nəticələrinə duyğusal toplumların reaksiyası rasional xalqların münasibətindən kəskin fərqlənir. Rasional düşünənlər hansı partiyanın qalib gəldiyinə deyil, seçilənlərin hər birinin mövqeyinin nədən ibarət olmasını əsas götürlər. Ukraynanın nüfuzlu təhlilçilərinin diqqəti məhz bu məqama yönəltməsi çox ibrətamizdir. Əlbəttə, Ukrayna təhlilçiləri arasında da “Tramp üçün pis olan Kiyev üçün yaxşıdır” fikrində olanlar var. Ancaq qənaətimcə, doğru yanaşma rasional yanaşmadır.
Sosial şəbəkələrin Azərbaycan seqmentində demokratların qələbəsinin doğurduğu yüksək əhval-ruhiyyə rasional düşüncə ilə ziddiyyət təşkil edir.
Azərbaycan işğal altındakı torpaqlarını məhz Donald Trampın birinci prezidentliyi dövründə azad etdi. Tramp İkinci Qarabağ müharibəsi zamanı bitərəf mövqe tutmaqla, əslində, Azərbaycanın önünü açmışdı. Digər tərəfdən, Türkiyə F-16-ları Tramp administrasiyasının razılığı olmadan Azərbaycana göndərilə bilməzdi. Amerika hərbi texnikasına və silahına malik hər bir dövlət onu öz sərhədlərindən kənarda, üçüncü bir ölkə üçün istifadə etmək istəsə, hökmən Ağ Evin razılığını almalıdır.
Trampın prezidentliyinin ikinci müddətinin arxada qalan 22 ayı da Azərbaycan üçün faydalı olub. Ermənistanla sülh prosesində Azərbaycan üçün ən məqbul vasitəçinin – ABŞ-ın vasitəçiliyinin gerçəkləşməsi strateji əhəmiyyət daşıyan hadisədir. Azərbaycanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın suverenliyini gücləndirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” ilə bağlı anlaşmalar Trampın ikinci prezidentliyinin Azərbaycana verdiyi faydalardandır. Mümkündür ki, demokratların qələbəsindən sonra vəziyyət Azərbaycanın əleyhinə dəyişə bilər.
Noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratların qələbəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində doğurduğu nikbin əhval-ruhiyyə ilk deyil. Barak Obama, Cozef Bayden də qalib gələndə oxşar vəziyyət müşahidə olunmuşdu. Tarix sübut elədi ki, Barak Obama deyil, Con Makkeyn qalib gəlsəydi, bizim coğrafiya üçün daha faydalı olardı.
Qənaətimcə, demokratların Konqresə sahiblənmələri heç bir zaman Tramp administrasiyasının Azərbaycana verdiyi faydanı verməyəcək. Üstəlik, Barak Obamanın demokratlar üzərində güclü təsirini nəzərə alanda Rusiyaya qarşı da ciddi mövqe nümayiş etdirəcəkləri şübhə altındadır.
Ən maraqlısı isə odur ki, demokratların qələbəsi ABŞ-ın özünə zərər verə bilər. Bu zərərlərin nədən ibarət ola biləcəyi isə başqa yazının mövzusudur.
Qeyd: Müəllifin fikirləri və siyasi qiymətləndirmələri onun öz mövqeyidir. Mətn redaktə olunub, əsas məzmun və arqumentlər saxlanılıb.

















