İranla müharibə yenidən alovlana bilər – Azərbaycanla bağlı xəbərdarlıq
ABŞ-ın Konqres seçkilərindən sonra İsraillə birgə İrana qarşı hücumları bərpa edə biləcəyi ilə bağlı ehtimallar gündəmə gəlib. Siyasi şərhçi Heydər Oğuz hesab edir ki, ABŞ-ın Yaxın Şərq siyasəti hakimiyyətdə olan partiyadan asılı olmayaraq, uzunmüddətli strateji məqsədlərə əsaslanır və Demokratlar Partiyasının seçkilərdə uğur qazanması bu siyasəti dəyişməyəcək.
Sozcu.az xəbər verir ki, Heydər Oğuz bu barədə Axar.az-a açıqlamasında danışıb.
Politoloq bildirib ki, ABŞ-da Demokratlar Partiyasının qələbə qazanacağı təqdirdə Donald Trampın İrana qarşı siyasətini iflic edəcəyi ilə bağlı proqnozlara inanmır. Onun sözlərinə görə, Yaxın Şərq məsələsi ABŞ-ın partiyalarüstü planı və təhlükəsizlik doktrinasıdır.
Heydər Oğuzun fikrincə, 1970-ci illərin sonlarından bu günə qədər həyata keçirilən siyasətin əsas məqsədlərindən biri Yaxın Şərqi Rusiyanın təsir dairəsindən çıxarmaq olub. O, bu məqsədlə “Yaşıl kəmər” strategiyasının həyata keçirildiyini, islam dünyasının Moskvanın təsirindən uzaqlaşdırılması üçün regionda siyasi və radikal islamçı cərəyanların möhkəmlənməsinə şərait yaradıldığını iddia edib.
Şərhçi hesab edir ki, həmin strategiya çərçivəsində islam dünyası Rusiyanın təsirindən uzaqlaşdırılmaqla yanaşı, məzhəb müharibələri vasitəsilə regionda qanlı qarşıdurmaların yaranmasına da zəmin formalaşdırılıb.
O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında səsləndirdiyi “ideoloji təxribatlara qarşı hazır olmalıyıq” mesajını da bu kontekstdə qiymətləndirib. Politoloqun fikrincə, həmin mesaj regionda ideoloji mübarizənin davam etdiyini və Azərbaycanın da belə təhdidlərlə üzləşə biləcəyini göstərir.
“İrana qarşı hibrid müharibə genişlənə bilər”
Heydər Oğuz bildirib ki, ABŞ-ın yeni hibrid müharibəsində əsas hədəf İrandır və bu mübarizə bir neçə istiqamətdə aparıla bilər.
Onun sözlərinə görə, İranın iqtisadi və hərbi obyektlərinə zərbələr endirilməsi, maliyyə sanksiyalarının artırılması və ölkənin neft satışının tamamilə dayandırılmasına çalışılması mümkün ssenarilər sırasındadır.
Politoloq İran üçün ən ağır zərbələrdən birinin Hörmüz boğazının enerji dəhlizi kimi fəaliyyətinin dayanması ola biləcəyini bildirib. Onun fikrincə, bu halda Hörmüz boğazına alternativ layihələrin, o cümlədən Türkiyənin dəstəklədiyi Qalxınma Yolunun əhəmiyyəti arta bilər.
Şərhçi hesab edir ki, mümkün strategiyanın digər istiqaməti İran daxilində narazılıqların gücləndirilməsi və etiraz aksiyalarının təşkili ola bilər. O, 1990 və 2003-cü illərdə İraqa qarşı həyata keçirilən strategiyanın bu dəfə İranda tətbiq edilə biləcəyini iddia edib.
Heydər Oğuzun fikrincə, belə bir ssenaridə əvvəlcə ölkənin iqtisadi və sosial həyatı iflic vəziyyətinə gətirilə, bir neçə ildən sonra isə İran cəmiyyətinin də iştirakı ilə hakimiyyətin dəyişdirilməsinə çalışıla bilər.
“ABŞ-da hakimiyyət dəyişsə də, Yaxın Şərq siyasəti dəyişmir”
Politoloq qeyd edib ki, 1990 və 2003-cü illərdə İraqa qarşı həyata keçirilən hərbi əməliyyatlar respublikaçıların hakimiyyəti dövrünə təsadüf edib. Onun sözlərinə görə, sonradan hakimiyyətə gələn demokratlar da regiondakı müharibələri dayandırmayıblar.
Heydər Oğuz Barak Obamanın 2009–2017-ci illərdə prezident olduğu dövrdə Yaxın Şərqdə məzhəb qarşıdurmalarının davam etdiyini vurğulayıb.
“Bu fakt göstərir ki, ABŞ administrasiyalarının Yaxın Şərq siyasəti əsla dəyişmir, partiyalar bir-birinin tamamlayıcısı kimi fəaliyyət göstərirlər”, – deyə politoloq bildirib.
Azərbaycan üçün hansı təhlükələr yarana bilər?
Heydər Oğuzun fikrincə, Konqres seçkilərindən sonra hibrid hücumların genişlənməsi fonunda Azərbaycan da İrandan qaynaqlanan hücumlara məruz qala bilər.
O bildirib ki, Azərbaycan İrandan qaynaqlanan ideoloji həmlələri nəzərə almalı, mümkün təxribatlara qarşı hazırlıqlı olmalıdır.
Şərhçinin qənaətinə görə, ABŞ-ın İrana və bu ölkə ilə əlaqəli silahlı qruplara qarşı mübarizəsi əsasən İraq, Yəmən və Livan ərazilərində gedə bilər.
Politoloq hesab edir ki, Vaşinqton Türkiyə, Pakistan, Misir və digər müsəlman ölkələrini də bu mübarizəyə cəlb etməklə qarşıdurmanın xarakterini dəyişməyə, onu islam dünyası daxilində müharibəyə, daha dəqiq desək, məzhəb qarşıdurmasına çevirməyə çalışa bilər.
Heydər Oğuz “Məkkə İttifaqı”nın da bu məqsədlə yaradıldığını iddia edərək, ABŞ-ın hazırlıq mərhələsini böyük ölçüdə tamamladığını söyləyib.
Onun fikrincə, strateji müttəfiqlərinin bu münaqişəyə qoşulmasına İran laqeyd qalmayacaq və həmin ölkələrin zəif nöqtələrinə zərbələr endirməyə çalışacaq.
Politoloq Azərbaycanın hərbi və təhlükəsizlik sisteminin bütün mümkün ssenariləri nəzərdən keçirməli olduğunu vurğulayıb:
“Odür ki, bizim hərbi və təhlükəsizlik sistemimiz bütün mümkün ssenariləri gözdən keçirməli və ehtiyatı əldən verməməlidir”.
Qeyd edək ki, açıqlamada səsləndirilən fikirlər Heydər Oğuzun siyasi qiymətləndirmə və proqnozlarıdır.















