Şahin Cəfərli: Türkiyə Ukrayna siyasətini dəyişir – ABŞ-dan silah icazəsi istəyib
Şahin Cəfərli: Türkiyə Ukrayna siyasətini dəyişir – ABŞ-dan silah icazəsi istəyib
Politoloq Şahin Cəfərli Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində mümkün dəyişikliklərdən yazıb.
Sozcu.az xəbər verir ki, politoloqun sözlərinə görə, Ankara Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan ABŞ istehsalı bəzi silah-sursatların Ukraynaya re-eksportu üçün Vaşinqtondan rəsmi icazə istəyib.
Söhbət 12 ədəd M270 reaktiv yaylım atəş sistemi, 2524 ədəd M26 raketi, 70 ədəd M39 ATACMS taktiki ballistik raketi və 47 min ədəd 203 millimetrlik artilleriya mərmisindən gedir.
Şahin Cəfərli qeyd edir ki, Türkiyənin indiyədək Ukraynaya birbaşa hərbi yardımı məhdud olub. Müharibədən əvvəl Ukraynaya “Bayraktar” PUA-ları satan Ankara müharibə dövründə “Kirpi” zirehli maşınları və digər hərbi vasitələr də verib.
Bununla yanaşı, Türkiyə müharibə boyunca Rusiya ilə Ukrayna arasında vasitəçilik missiyasını həyata keçirib və Qara dəniz taxıl dəhlizinin yaradılmasında mühüm rol oynayıb.
Politoloqun fikrincə, Ankara eyni zamanda Moskva ilə münasibətlərini də qoruyub. Türkiyənin bəzi şirkətlərinin Qərb sanksiyalarından yayınmaqda Rusiyaya yardım etməsi, sanksiya altındakı məhsulların Rusiyaya ixracı və bəzi rus oliqarxların Türkiyədəki imkanlarından istifadə etməsi bu münasibətlərin mühüm göstəricilərindəndir.
Türkiyə-Qərb münasibətlərində dönüş
Şahin Cəfərli hesab edir ki, ABŞ-da Donald Trampın hakimiyyətə qayıtmasından sonra Vaşinqton-Ankara münasibətlərində yeni mərhələ başlayıb.
Türkiyə F-35 proqramına qayıtmağa çalışır. Ankara bu proqramın əsas iştirakçılarından biri idi və ilkin mərhələdə 100 ədəd F-35 almağı planlaşdırırdı.
Lakin Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ABŞ-la münasibətlərdə ciddi problem yaradıb.
Politoloq yazır ki, Vaşinqtonun əsas şərtlərindən biri S-400 məsələsinin həllidir. S-400-lərin Türkiyədən çıxarılaraq Körfəz ölkələrindən birinə, o cümlədən BƏƏ-yə verilməsi ilə bağlı məlumatlar da yayılıb.
Bu məsələ ilə bağlı Rusiyanın razılığının tələb olunduğu və Ankara ilə Moskva arasında danışıqların aparıldığı bildirilir. Şahin Cəfərliyə görə, xarici işlər naziri Hakan Fidanın Rusiyaya son səfərində müzakirə olunan məsələlərdən biri də məhz bu olub.
“Türkiyənin geostrateji əhəmiyyəti yenidən artır”
Politoloq hesab edir ki, Ərdoğan hökumətinin Qərblə müttəfiqliyi yenidən gücləndirməsi Türkiyənin geostrateji əhəmiyyətini artırır.
Onun fikrincə, Rusiya ilə Qərb arasında qarşıdurmanın dərinləşdiyi bir vaxtda Türkiyə NATO üçün yenidən Soyuq müharibə dövründəki strateji əhəmiyyətinə yaxın bir mövqe qazanır.
Lakin Şahin Cəfərli bu prosesin Türkiyənin daxili siyasi həyatına mənfi təsirlərinin olduğunu da vurğulayır.
Politoloqun qənaətinə görə, Qərbin Türkiyənin geosiyasi əhəmiyyətinin artmasında maraqlı olması ölkədəki siyasi proseslərə münasibətə də təsir göstərir. Onun fikrincə, Türkiyədə müxalifətə qarşı repressiyalar Qərbdə əvvəlki qədər sərt reaksiya doğurmur.
Şahin Cəfərli hesab edir ki, ABŞ başda olmaqla Qərb Türkiyədə Ərdoğan kimi güclü və tək qərarverici liderin hakimiyyətinin mövcudluğunda maraqlı ola bilər.
Qeyd: Yazı politoloq Şahin Cəfərlinin sosial şəbəkədə paylaşdığı fikirlər əsasında hazırlanıb.












