Xəqani Cəfərli: Putinin devrilməsinə hazırlıqlar başlayıb – Rusiya imperiyasının süqutu yaxınlaşır
Politoloq Xəqani Cəfərli Rusiyada dərinləşən demoqrafik böhran, Ukrayna müharibəsinin ağır nəticələri, iqtisadi və texnoloji geriləmə, eləcə də ölkənin ucqar bölgələrində güclənən mərkəzdənqaçma meyilləri ilə bağlı təhlilini bölüşüb.
Sozcu.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkə hesabında yazıb.
Xəqani Cəfərli qeyd edib ki, “Cyber Partisans” və “Silent Crow” haker qruplarının ələ keçirdikləri Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatlarının “Meduza” və “Mediazona” internet resursları tərəfindən təhlili 24 fevral 2022-ci ildən 2026-cı ilin sentyabrına qədər Ukraynaya qarşı müharibədə Rusiya ordusunun 720 min hərbçisinin öldüyünü təsdiqləyib. Onların arasında 17 general və 7,9 min zabit var.
“Rosstat” məlumatlarını təhlil edən “Vajnıe istorii” nəşrinin araşdırmasına görə, döyüş zonalarında rus hərbçilərinin ölüm səbəblərinin 92 faizi partlayışlar və qəlpələrdir. Ölüm hallarının yalnız 1,3 faizi güllə yaraları ilə bağlıdır. Bu isə yaralananların böyük hissəsinin bədən üzvlərini, əsasən əllərini və ayaqlarını itirməsi ehtimalını artırır. Sosioloqlar Rusiyada sayları milyona çata biləcək “şikəst kişilər təbəqəsi”nin formalaşması barədə xəbərdarlıq edirlər.
Politoloqun sözlərinə görə, məlumatların təhlili 2026-cı ildə ələ keçirilən ərazinin hər kvadrat kilometrinin Rusiyaya 180 hərbçinin ölümü hesabına başa gəldiyini göstərir. Bu, ötən illə müqayisədə üç dəfə çoxdur.
Demoqraf Aleksey Rakşanın hesablamalarına görə, 2025-ci ildə Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində 1 milyon 167 min uşaq doğulub, 1 milyon 931 min nəfər isə dünyasını dəyişib. Beləliklə, ölkə əhalisi bir il ərzində təxminən 764 min nəfər azalıb. Bu, rekord göstəricidir. Rusiyada əhalinin azalması artıq xroniki xarakter alıb. Belə ki, 2024-cü ildə əhali 596 min 200, 2023-cü ildə 495 min 200, 2022-ci ildə isə 599 min 600 nəfər azalıb.
“Rosstat” məlumatlarını araşdıran “Dosye” Mərkəzi və “NEST” Mərkəzinin təhlilləri Rusiyada kişilərin orta ömür uzunluğunun 2025-ci ildə 65,3 yaşa düşdüyünü göstərir. Nəticədə kişilərlə qadınların ömür uzunluğu arasındakı fərq 14,1 ilə çatıb. Bu, 1959-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Cəfərli diqqətə çatdırıb ki, Rusiyada uşaqlar və gənc qadınlar arasında intihar halları da artmaqdadır. “Important Stories” nəşrinin məlumatına görə, 10-19 yaşlı uşaqlar və yeniyetmələr arasında intihar halları 12 faiz, 15-19 yaşlı qızlar arasında 26 faiz, 20-29 yaşlı qadınlar arasında isə 11 faiz artıb. 2025-ci ildə ölkədə qeydə alınan intiharların ümumi sayı 9 600 nəfərə çatıb.
Politoloq hesab edir ki, Rusiyada demoqrafik sabitlik ciddi şəkildə pozulub. Bu vəziyyətin səbəblərindən biri müharibədirsə, digəri Putinin uğursuz iqtisadi siyasətidir.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin əməkdaşı Daria Nekipelovanın araşdırmasına istinad edən Cəfərli bildirib ki, Putinin hakimiyyəti dövründə Rusiya iqtisadiyyatı texnoloji gerilik tələsinə düşüb. Həmin dövrdə ölkə elmi və texnoloji potensialının əhəmiyyətli hissəsini itirib. Tədqiqatla məşğul olan insanların sayı dörddəbir, qlobal ixtiralarda Rusiyanın payı isə iki dəfə azalıb.
Bunun əsas səbəblərindən biri Rusiyanın elmi tədqiqatlara ÜDM-in 1 faizindən az vəsait ayırmasıdır. Eyni zamanda, 2021-2025-ci illərdə maşın və avadanlıqların ixracı dörddəbir azalıb.
Xəqani Cəfərlinin diqqət çəkdiyi əsas məqamlardan biri texnoloji geriləmənin dönüş nöqtəsinin 2012-ci il, yəni Putinin üçüncü dəfə prezident seçilməsindən sonra başlamasıdır. Hazırda sənaye robotlarının sıxlığına görə Rusiya dünya üzrə orta göstəricidən dörd dəfədən çox geri qalır. 2024-cü ildə Rusiyada hər 10 min işçiyə 29 sənaye robotu düşdüyü halda, dünya üzrə orta göstərici 132 olub. Nekipelova bu vəziyyəti “texnoloji gerilik vergisi” adlandırıb.
Politoloqun fikrincə, bu araşdırma təkcə Rusiya iqtisadiyyatının vəziyyətini qiymətləndirmək baxımından deyil, həm də yaranmış vəziyyətin əsas səbəbini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Onun qənaətinə görə, Rusiyanın texnoloji gerilik tələsinə düşməsinin əsas səbəblərindən biri Putinin üçüncü dəfə Kremlə qayıtmasıdır.
Cəfərli hesab edir ki, Rosstat məlumatlarının ictimailəşdirilməsi, Aleksey Rakşanın demoqrafik hesablamaları və Daria Nekipelovanın araşdırması Rusiyanın problemlərinin ünvanı ilə bağlı ümumi qənaəti gücləndirir. Putinin üçüncü dəfə hakimiyyətə qayıdışından sonra başlayan proseslər Rusiyanı dövlət kimi, rus xalqının mövcudluğunu isə dövlət qurucu millət kimi təhdid etməyə başlayıb.
“Bu, mütləqiyyət rejiminin süqutunun başlanğıcıdır”, – deyə politoloq vurğulayıb.
Xəqani Cəfərli Rusiya tarixindən nümunələr gətirərək qeyd edib ki, mütləqiyyət rejiminin süqutu tarixən imperiyanın parçalanması ilə nəticələnib. Çar II Nikolayın taxtdan imtinası və böyük knyaz Mixail Aleksandroviçin taxtı qəbul etməkdən imtina etməsi monarxiyanın süqutuna, ardınca isə imperiyanın parçalanmasına təkan verib.
Politoloq SSRİ-nin süqutunu da xatırladaraq bildirib ki, Mixail Qorbaçovu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə baş verən QKÇP qiyamı Sovet İttifaqının dağılmasını geri dönməz prosesə çevirib. Qorbaçovun 1991-ci il dekabrın 25-də istefası isə bu prosesin son nöqtəsi olub.
Cəfərlinin qənaətinə görə, Rusiyanın ucqarlarında yaşayan qeyri-rus xalqlar arasında ölkənin gələcəyi ilə bağlı bədbinlik daha güclüdür. Onun fikrincə, Rusiya imperiyasının ucqarlarında mərkəzdənqaçma prosesi geri dönməz xarakter almağa başlayır. Bu prosesin Şimali Qafqaz və İdel-Ural bölgəsində daha qabarıq şəkildə özünü göstərməsi Azərbaycan üçün ciddi xəbərdarlıq siqnalıdır.
Politoloq yazısını belə yekunlaşdırıb:
“Zaman bizi sürətlə böyük tarixi hadisəyə, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad olacağı günə doğru aparır.
Dərbənd Azərbaycan dövlətçiliyinin beşiyi, Dədə Qorqudun əmanətidir!
Dərbənd Azərbaycan xalqının iki müqəddəs şəhərindən biridir!
Dərbənd Azərbaycandır!”


















