İmperatorun diktatordan fərqi

Rusiyada bir qrup müstəqil araşdırmaçı jurnalistin yaratdığı “Proekt.media”da yer alan bir araşdırmada yer alan bilgiyə görə Putinin Moskvadakı iqamətgahındakı iş otağının eynisi Soçidə qurulub. Məlumata görə, koronavirus pandemiyası meydana çıxandan Putinin vaxtının çoxunu Soçidə keçirir. Lakin Rusiya vətəndaşlarında belə təəssürat yaradılır ki, Putin paytaxtdakı iş yerindədir.

Kreml “Proekt.media”nın bu məlumatını təkzib etsə də, araşdırmaçı jurnalistlər kiçik fərqləri üzə çıxararaq Putinin Kremldəki iş otağının Soçidə “ekizi”nin olduğunu sübut etdilər. Üstəlik, Putinin insanlarla təmasdan yayınması ilə bağlı məlumatlar artır. Ötən ilin sonunda Putin iri biznes təmsilçiləri ilə ənənəvi illik görüşünü təxrə saldı. Kremldən bununla bağlı məntiqli bir açıqlama verilmədi. İctimaiyyət isə prezidentin həqiqətən paytaxtda olmadığı, COVİD-19 virusuna yoluxmaq qorxusuna görə insanlarla ünsiyyətdən yayındığı haqqında qənaətləri gücləndirib.

Putinin virusa yoluxmaq təhlükəsi qorxusu ilə fəaliyyətini məhdudlaşdırması və paytaxt Moskvanı tərk edərək Soçidə yerləşməsi haqqında məlumatlar Rusiya vətəndaşlarında mənəvi düşkünlük yaradıb.

Bu zaman isə yaddaşlara 2011-ci ilin martında sunami nəticəsində Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasında nüvə radiasiyası təhlükəsi yarandığı zaman imperator Akixitonun davranışı düşür. O zaman Yaponiya hökuməti imperator Akixitoya paytaxt Tokionu tərk edərək, paytaxtdan 500 km aralıdakı Kiotoya getməyi təklif etmişdi. Lakin imperator Akixito bu təklifdən qəti imkan edir. İmperator mövqeyini belə əsaslandırır ki, Tokionun bütün əhalisi köçürülmədiyi halda millətin lideri özünü düşünə bilməz. İmperator Akixito paytaxt Tokionu tərk etmədiyi kimi sunaminin zərər verdiyi ərazilərə gedərək insanlara mənəvi dəstək vermişdi.

İmperatorun diktatordan fərqi də budur.

Xəqani Cəfərli

Facebook Comments