"Şençjen görüşü Putinin dünya gücü olmaq iddiasını puça çıxardı" - Arif Hacılı
Arif Hacılı: Şençjen görüşü Rusiyanın dünya gücü olmadığını göstərdi
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpinin Şençjen görüşü ilə bağlı fikirlərini bölüşüb.
Sozcu.az xəbər verir ki, Arif Hacılı bu barədə sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, əsasən Rusiya təəssübkeşi olan şərhçilərin Şençjen görüşünü Yalta konfransı ilə müqayisə etmək, bəzi hallarda isə eyniləşdirmək cəhdləri uğursuz olub. Onun sözlərinə görə, Si Cinpinin mövqeyi Rusiyanı əsas güc mərkəzlərindən biri kimi qəbul etmədiyini açıq şəkildə nümayiş etdirib.
Arif Hacılı qeyd edib ki, Trampın Putini dünya liderlərindən biri kimi ön plana çıxarmaq istiqamətində növbəti cəhdi də nəticəsiz qalıb.
Müsavat Partiyası Məclisinin sədri Şençjen görüşünün Yalta konfransı ilə yeganə oxşarlığının Böyük Britaniyanın dünya gücü statusunu itirməsi ilə bağlı tarixi paralel olduğunu vurğulayıb. Onun fikrincə, Şençjen görüşü isə Rusiyanın qlobal güc mərkəzi kimi təqdim edilməsi cəhdlərinin əks nəticəsini ortaya qoyub.
Arif Hacılı Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsini bir sıra amillərlə əlaqələndirib. O, Krım körpüsünün sıradan çıxarılmasını, Rusiya-Ukrayna müharibəsində təşəbbüsün itirilməsini, dərin iqtisadi böhranı və Moskvanın qonşu dövlətlərə qarşı təkəbbürlü siyasətini bu amillər sırasında göstərib.
Onun qənaətinə görə, ABŞ-da aralıq seçkilərində demokratların böyük üstünlüklə qələbə qazanması Rusiya-Ukrayna müharibəsində “Tramp böhranı” adlandırdığı dövrün də başa çatmasına səbəb ola bilər.
Arif Hacılı hesab edir ki, Putin şəxsi ambisiyaları və hakimiyyətdə ömürlük qalmaq arzusu ilə Rusiyanı elə bir bataqlığa sürükləyib ki, bu vəziyyətdən böyük itkilər vermədən çıxmaq mümkün olmayacaq.
Müsavat Partiyası Məclisinin sədri əlavə edib ki, son hadisələr təkcə Rusiya-Ukrayna cəbhəsində deyil, bütün dünyada avtoritar rejimlərə və işğalçılıq siyasətinə qarşı mübarizə aparan qüvvələrin mövqelərinin möhkəmləndiyini göstərir.


















