Arif Hacılı: Türkiyədə Azərbaycana qarşı kampaniyaları ümumi ictimai fikir kimi qəbul etmək olmaz
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Türkiyə–Azərbaycan münasibətləri, sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan kampaniyalar və Azərbaycan–İsrail–Türkiyə münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Sozcu.az xəbər verir ki, Arif Hacılı Türkiyədə Azərbaycanı sevməyən, Türkiyə dövlətinin zəifləməsində, çökməsində və parçalanmasında maraqlı olan şəxslərin də mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycana qarşı aparılan kampaniyaları Türkiyədəki ümumi ictimai fikir kimi qəbul etmək düzgün deyil.
“Azərbaycanda olan eyni xislətli kəsimin antitürk təbliğatının təsiri altına düşmək olmaz”, – deyə Arif Hacılı qeyd edib.
Müsavat Məclisinin sədri vurğulayıb ki, Azərbaycan–Türkiyə münasibətləri yalnız etnik birliyə əsaslanan və bununla məhdudlaşan münasibətlər deyil:
“Ən sadə və asan anlaşılan tərəflərini götürsək, Türkiyə öz qüdrətli ordusu və siyasi təsir imkanları ilə Azərbaycan üçün əsas təhlükəsizlik təminatıdır. Azərbaycan da Türkiyə üçün, ən azı, enerji təhlükəsizliyi, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələr baxımından açar ölkədir”.
Arif Hacılı iki ölkənin bir-birinin gücünü artırdığını bildirib:
“Türkiyə Azərbaycan üçün nə qədər önəmlidirsə, Azərbaycan da Türkiyə üçün o qədər önəmlidir. İki qardaş ölkə olaraq bir-birimizin gücünə güc qatırıq”.
O, Azərbaycan–İsrail münasibətlərinin Türkiyə–Azərbaycan əlaqələrinə mənfi təsir göstərməsinin əksinə, Türkiyə–İsrail münasibətlərinin yaxşılaşmasına yol açmasının milli maraqlara daha uyğun olduğunu qeyd edib.
Arif Hacılı fikirlərinin sonunda Azərbaycanın güclü dövlətə çevrilməsi üçün praqmatik və davamlı siyasətin vacibliyini vurğulayıb:
“Supergücə çevrilməyin yeganə yolu Atatürk və Rəsulzadənin, onların ardıcıllarının vəsiyyət etdiyi kimi, dini fanatizmdən, ötəri emosiyalardan uzaq, düşünülmüş, davamlı, Cümhuriyyət dəyərlərinə əsaslanan praqmatik siyasətdən keçir”.


















