Arif Hacılı: "Ermənistanın inkişaf tempi Azərbaycan üçün ciddi xəbərdarlıqdır"
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəricilərini müqayisə edərək ölkədə aparılan idarəçilik və iqtisadi siyasəti tənqid edib.
Sozcu.az xəbər verir ki, Arif Hacılı Azərbaycanın daha böyük əraziyə, zəngin təbii ehtiyatlara, əlverişli nəqliyyat-logistika imkanlarına və daha çox əhaliyə malik olmasına baxmayaraq, rəsmi statistik göstəricilərin ölkənin inkişaf tempinin Ermənistanla müqayisədə geri qaldığını göstərdiyini bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Azərbaycanda ÜDM artımı cəmi 0,08 faiz olduğu halda, Ermənistanda bu göstərici 7,2 faiz təşkil edib.
Arif Hacılı hesab edir ki, Ermənistanda daha rəqabətli iqtisadi mühitin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə, nisbətən demokratik idarəçilik və xarici siyasətdə beynəlxalq əməkdaşlığa üstünlük verilməsi iqtisadi inkişafı sürətləndirən əsas amillərdəndir.
Müsavat funksioneri qeyd edib ki, Ermənistanda orta aylıq əməkhaqqı və pensiyalar Azərbaycandan yüksəkdir, turizm sektoru sürətlə inkişaf edir, yeni texnologiyalara iri həcmdə investisiyalar yatırılır və ölkənin beynəlxalq iqtisadi əlaqələri genişlənir.
Arif Hacılı bildirib ki, Azərbaycanın məqsədi Ermənistanın inkişafına mane olmaq deyil, özünün inkişaf yarışında önə çıxması olmalıdır. O, bunun üçün korrupsiya və monopoliyalara son qoyulmasının, azad rəqabət mühitinin yaradılmasının, şəxsi sədaqət və tayfabazlığa əsaslanan kadr siyasətindən imtina edilməsinin vacibliyini vurğulayıb.
Məqalənin sonunda Arif Hacılı qeyd edib ki, Azərbaycanın hələ də inkişaf üçün kifayət qədər potensialı var. Lakin onun fikrincə, islahatların gecikdirilməsi ölkəni hər keçən gün daha ağır vəziyyətə yaxınlaşdırır.


















