“İnsanlar öz evlərinə, öz kəndlərinə qayıtmaq istəyirlər” – Razim Əmiraslanlı
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı məsələsi gündəmdə qalmaqda davam edir.
Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı məcburi köçkünlərin məskunlaşdırılması və doğma torpaqlarına qayıdışı ilə bağlı narahatlığını ifadə edib.
Razim Əmiraslanlının sözlərinə görə, insanların ən təbii arzusu doğulduqları torpaqda yaşamaqdır:
“Keçmiş məcburi köçkünlər illərlə həsrətində olduqları öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. İnsanların ən təbii arzusu doğulduğu torpaqda yaşamaqdır. Əgər hər kəsi dərhal öz kəndinə, öz evinə qaytarmaq mümkün deyilsə, heç olmasa doğulduğu rayonun ərazisində məskunlaşdırmaq lazımdır”.
O bildirib ki, Zəngilan, Cəbrayıl, Kəlbəcər və digər rayonlardan olan insanların başqa işğaldan azad edilmiş ərazilərə köçürülməsi suallar doğurur:
“Bütün Azərbaycan torpaqları bizim üçün əzizdir, doğmadır. Amma hər insanın öz doğma yurdu var və o, məhz həmin yurda qayıtmaq istəyir”.
Əmiraslanlı qanunvericiliyə edilən dəyişikliklərlə bağlı da narahatlığını ifadə edib. Onun fikrincə, başqa rayonda təklif olunan mənzildən imtina edən şəxsin məcburi köçkün statusunun avtomatik ləğv edilməsi ədalətli yanaşma deyil.
“Qayıdış və məskunlaşma könüllü olmalıdır”, – deyə Müsavat rəsmisi vurğulayıb.
O, həmçinin qeyd edib ki, şəxsin başqa rayonda verilən yaşayış yerindən imtina etməsi onun əvvəlki yaşayış yerindəki mülkiyyət hüququnu avtomatik olaraq aradan qaldırmamalıdır.
Əmiraslanlının fikrincə, mümkün olan hallarda keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərindəki evləri bərpa edilməli və ya yenidən tikilərək sahiblərinə qaytarılmalıdır. Bərpası mümkün olmayan əmlaklara görə isə ədalətli kompensasiya ödənilməsi təmin edilməlidir.
“İnsanlar başqa heç nə istəmir. Onlar sadəcə öz evlərinə, öz kəndlərinə, öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Bu, insanın ən fundamental hüququdur”, – deyə Razim Əmiraslanlı bildirib.
Qeyd edək ki, Razim Əmiraslanlı Müsavat Partiyası başqanının müavinlərindən biridir.


















