Arif Hacılıya ölkədən çıxış qadağası qoyulub
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.
Arif Hacılının sözlərinə görə, bu gün Avstriyanın Vyana şəhərinə səfər etməli idi. O bildirib ki, Vyanada Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdı.
Bundan əlavə, Müsavat Partiyasının üzv olduğu ALDE-nin iyulun 3-4-də keçiriləcək növbəti Konqresində iştirak etməyi planlaşdırırdı.
Lakin hava limanında sərhəd nəzarətindən keçərkən ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.
A.Hacılı qeyd edib ki, qadağanın hansı dövlət qurumu tərəfindən və hansı səbəbdən tətbiq olunduğunu öyrənmək üçün etdiyi cəhdlər nəticəsiz qalıb.
Müsavat rəsmisi baş verənlərin hüquqi əsaslarının və qadağanın səbəblərinin ona izah edilmədiyini vurğulayıb.











