Elxan Şahinoğlu: “Paşinyan Putinin hədələrindən çəkinmir”
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda həbsdə olan keçmiş prezident Robert Köçəryanı doğum günü münasibətilə təbrik etməsindən bir gün sonra eks-prezidentin erməni xalqına məktubu yayımlanıb.
Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Köçəryanın məktubunda “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” ifadəsini işlətməsi faktiki olaraq erməni xalqını seçkilərdə qələbə qazanan baş nazir Nikol Paşinyana qarşı üsyana çağırışdır.
“Köçəryan anlayır ki, böyük korrupsiya ittihamları ilə bağlı üzləşdiyi ittihamlara görə həyatının sonuna qədər həbsxanadan çıxmaya bilər. Ona görə də o, üsyan çağırışlarına üstünlük verib. Yəqin Putinin ad günü təbriki də Köçəryanı ‘həvəsləndirib’”, – deyə Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Nikol Paşinyan Putinin Köçəryana davamlı təbrik məktublarından çəkinsəydi, eks-prezidenti həbsə göndərməzdi.
“Putin hələ aylar öncə medianın gözü önündə Paşinyanı bu sözlərlə xəbərdar etmişdi: ‘Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrə təzyiqdən imtina et!’. Paşinyan doğru olaraq bu çağırışı da qulaqardına vuraraq Kremlin dəstək verdiyi liderlərin tamamını həbsxanaya göndərdi. Yəni Paşinyan Putinin hədələrindən çəkinmir”, – deyə o vurğulayıb.
Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi qadağalar da nəticə verməyib.
Onun sözlərinə görə, radikal qüvvələr həbsdə olduğundan Kremlin Ermənistanda xaos yaratmaq üçün alternativ vasitələrə əl atması mümkündür.
“Radikallar həbsdə olduğundan Kremlin Ermənistanda xaos yaradacaq yeganə alternativi erməni ordusundakı casus zabitləridir. Bəlkə onlar Kremlin əmri ilə Paşinyanı devirmək istəyələr. Ancaq Vaşinqton və Brüssel bu ehtimalı da nəzərə alaraq Rusiyanın Ermənistanla bağlı kəşfiyyat planlarını Paşinyanla bölüşürlər”, – politoloq bildirib.
Politoloq Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə sülh prosesini sürətləndirməsinin vacib olduğunu vurğulayıb.
“Nikol Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu tamamlamalıdır. Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq amil bölgədə sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir. Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş və müzakirələr sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmalıdır”, – Elxan Şahinoğlu əlavə edib.


















