Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Qurdlar Vadisi Pusu” teleserialının ssenaristlərinin dindirilməsi onun fəaliyyətini yenidən gündəmə gətirib.
Bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə paylaşılmaqdadır. Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi deyilir.
Sozcu.az xəbər verir ki, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Globalinfo.az-a açıqlamasında həmin fotodakı hərbçinin Kaşif Kozinoğlu olmadığını bildirib:
“Həmin foto sərhəddə, ya da Kələkidə deyil, məhz Ankara yaxınlığındakı hərbi hissədə çəkilib. O zaman Türkiyədə təhsil alan azərbaycanlı hərbçilər təlim keçirdilər və Elçibəy də ona görə orada idi.
K.Kozinoğluya gəldikdə isə, o, 1992-ci ilin dekabr ayında Azərbaycana gəlib. Könüllü şəkildə Azərbaycan ordusunun yaradılmasında iştirak etmək istəyirdi. O vaxta qədər K.Kozinoğlu Türkiyəyə göndərilən azərbaycanlı hərbçilərə təlim keçən zabit idi.
1992-ci ildə Azərbaycana gəldi, 1993-cü ilin yanvarında isə çağırışçılardan ibarət iki batalyon yaradıldı. Onların təlimi Kaşif Kozinoğluna verildi. O batalyonlardan biri vaxtından əvvəl döyüş bölgəsinə göndərilib. İkincisi isə üç aylıq təlimi bitirdikdən sonra döyüşlərə qatılıb. Bu, 777 saylı hərbi hissədir və o vaxtkı Tərtər-Ağdərə istiqamətində döyüşüb, qəhrəmanlıq göstəriblər.
Gəncə qiyamından sonra K.Kozinoğlu Türkiyəyə qayıdıb. Orada hərbi xidmətini davam etdirən Kozinoğluya Ərgənəkon davasında ittiham irəli sürüldü. Amma proseslərin gedişində o, artıq həyatını itirmişdi”.
Oqtay Qasımov qeyd edib ki, Kozinoğlu ilə Elçibəy arasında ayrıca bir görüş olmasa da, iki batalyonun onun nəzarətində olması dəqiqdir:
“Ümumiyyətlə, o, Azərbaycan ordusunun Türkiyə ordusu modelində hazırlanmasını istəyirdi. Kozinoğlunun yetişdirdiyi hərbçilər peşəkar, nizam-intizamlı idi. Üstündən xeyli vaxt keçdiyi üçün bu faktları indi açıqlayıram”.


















